Həyat sığortası nə üçündür, necə hesablanır və kimlərə aiddir? – Xeberler | En Son Xeberler | Son Xeberler

Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Orxan Şirinli Azərbaycanda həyat sığorta növləri üzrə bazarın vəziyyəti, sığorta müqavilələrində göstərilən şərtlər, bu növlərə kimlərin maraq göstərməsi barədə ətraflı danışıb:

Sığortalı öldükdə sığorta ödənişi faydalanan şəxsə edilir

Onun sözlərinə görə, dünya praktikasında ən çox yayılan həyat sığorta növü həyatın ölüm halından sığortasıdır.

“Bu, bir klassik həyat sığorta növü hesab olunur. Bu sahə Avropa və dünyanın inkişaf etmiş ölkələrində çox geniş tərəqqi edib. Bu növ üzrə sığorta müqaviləsində sığorta ödənişini almaq hüququ olan hüquqi və ya fiziki şəxs göstərilir. O, faydalanan şəxs adlanır. Faydalanan şəxs qismində sığorta olunan, onun öldüyü halda isə müqavilədə müvafiq olaraq fayda əldə edən qismində göstərilmiş şəxs çıxış edir. Yəni sığortalanan şəxs dünyasını dəyişdikdə sığorta ödənişi həmin faydalanan şəxsə ödənilir. Sığortalı şəxs heç bir fayda əldə edən müəyyən etməyibsə, qanunla vəfat edən şəxsin vərəsələri kimdirsə, onlara ödənişlər olunur. Bu sığorta növündə əlilliklə bağlı ödəniş isə sığortalananın özünə edilir. Bununla da sığorta müqaviləsinin müddəti başa çatır”, – O. Şirinli bildirib.

Həyatın yaşam sığortası investisiya alətidir

O, Azərbaycanda həyatın yaşam sığortası növünün çox aktual olduğunu vurğulayıb:

“Bu gün həyat sığorta bazarının böyük hissəsini bu sığorta növü təşkil edir. Burda insanların təkcə ölməsi halında yox, yaşaması halında da sığorta ödənişi edilir. Müxtəlif ölkələrdə bu məhsullar müxtəlif cür modifikasiya edilə bilər. Amma Azərbaycanda həyatın yaşam sığortasından investisiya aləti kimi istifadə edilir. Ona görə, bu növ sığortalılar üçün çox maraqlı bir növdür və çox aktualdır. İnsanlar özləri vəsaitlərini bu sığorta növünə yönəltməyə maraqlıdır”.

Orxan Şirinli qeyd edib ki, klassik həyat sığortası üzrə isə çox nadir rast gəlinir ki, kimsə gəlib öz həyatını sığortalasın: “Adətən bu növ üzrə şirkətlər öz işçilərinin həyatını sığortalamaq üçün müraciət edir. Azərbaycan bazarında dünya təcrübəsi ilə oxşarlıq olsa da, həyatın klassik sığortasının vəziyyəti inkişaf etmiş ölkələrə baxanda bir qədər aşağıdır”.

İş zamanı ölüm olarsa, vərəsələrə ödəniş edilir

Azərbaycanda həyat sığorta növləri arasında icbari növ də var. Bu, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadır. İşə götürənlərin bütün işçilər qarşısında məsuliyyəti var. İşəgötürənlər sözügedən icbari sığorta növünə yönəlməklə iş zamanı baş verən bədbəxt hadisələrə görə məsuliyyəti sığorta şirkətinin üzərinə yükləyir. İşdə hansısa qəzada işçi həyatını itirdikdə onun qanunla müəyyən edimiş vərəsələrinə sığorta ödənişi edilir. İşçi iş zamanı əmək qabiliyyətini itirdikdə isə, onun birbaşa özünə sığorta ödənişi verilir.

Həyatın yaşam sığortası necə hesablanır?

O.Şirinli həyatın yaşam sığortası üzrə sığorta məbləğinin formalaşması prosesini izah edib:

“Tutaq ki, vətəndaş neft və ya dövlət sektorunda çalışır və sığorta şirkətinə müraciət edir ki, həyatın yaşam sığortası üzrə sığortalansın. Bu zaman aylıq xalis əmək haqqısı olan 1 000 manatdan 400 manatı bu sığortaya ayırır. Təbii ki, bu zaman bütün vergi güzəştləri də həmin məbləğin üzərinə gəlinərək sığorta şirkətinə ödənən sığorta haqqı 580 manat civarında olur. Bu növ üzrə müqavilə minimum 36 aylıq müddətə bağlanılır. Nəticədə bu müddət ərzində şəxsin yaşına, cinsinə və anderraytinq tələblərinin normativlərinə uyğun olaraq onun ödəyəcəyi sığorta haqları üzərindən sığorta məbləği formalaşdırılır və bu məbləğ 21 000 manat civarında təşkil edir.

36 aydan sonra sığortalanan şəxs sağ qalarsa, bu məbləğ onun özünə, müddət ərzində dünyasını dəyişərsə, faydalanan şəxslərinə ödənilir”.

Banker.az



Վերջին նորություններ

Bənzər məqalələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button