Ölkə ilə bağlı daxildə və xaricdə baş verən hadisələr
Başa çatmaqda olan 2022-ci il Azərbaycanda siyasi həyat qaynar olub.
Daxili və xarici siyasətdə rəsmilərin, müxaliflərin və beynəlxalq təşkilatların nümayəndələrinin qarşılıqlı ittihamları müzakirələr açıb.
Yola saldığımız 2022-ci il əvvəlki 2 ildə olduğu kimi daha çox Ermənistan-Azərbaycan münasibətləri kontekstində hadisələrlə bol olsa da, Bakı-Tehran qarşılıqlı ittihamları ilə da yadda qalacaq.
Amma bu il Azərbaycan siyasi tarixində həm də bir ilk oldu: Daxili İşlər Nazirliyinin zabiti Kərim Əlimərdanova qarşı ABŞ-dan sanksiya tətbiq edilib.
Beləliklə, Meydan TV “bu il hansı siyasi hadisələrlə yadda qaldı” sualına ilin xronikasını təqdim etməklə cavab verir.
Yanvarın 1-də Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan emiqrasiyası tarixinin araşdırıcısı Ramiz Abutalıbov 85 yaşında Moskvada vəfat edib.
1937-ci ildə Gəncədə anadan olan Ramiz Abutalıbov müxtəlif illərdə SSRİ Xarici İşlər Nazirliyində, UNESCO-da çalışıb.
Yanvarın 6-da vəkil Elçin Qəmbərov Vəkillər Kollegiyasında ona verilən vəzifələrin hamısından azad edilib.
Elçin Qəmbərov Meydan TV-yə deyib ki, səhhətində yaranmış problemlərlə əlaqədar ərizə ilə Rəyasət Heyətindən uzaqlaşıb, müstəqil vəkil kimi fəaliyyət göstərmək istəyib.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus 2014-cü ildə həbs ediləndə təxminən ilyarım onun vəkili olmuş Elçin Qəmbərov hüquq müdafiəçisinin təcridxanadan qızına göndərdiyi şəxsi məktubları yayması, “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitab nəşr etdirməsilə gündəmə gəlmişdi.
Yanvarın 10-da Azərbaycan SSR Kommunist Partiyasının (1988-1990-cı illər) birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.
Yanvarın 12-də Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun cəzası 7 il 3 aydan 6 ilə endirilib.
1959-cu il təvəllüdlü Qoca Səmədov 2005-2006–cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011-cı illərdə birinci müavini vəzifələrində işləyib.
18 fevral 2011-ci ildən 2019-cu ilin noyabrına qədər isə rayonun icra başçısı olub.
Yanvarın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Əlizamin Salayev azadlığa buraxılıb.
Əlizamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib.
O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.
Yanvarın 19-da İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Abdin Fərzəliyev isə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
İlham Əliyev digər sərəncamıyla Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.
İradə Gülməmmədova 2015-ci ildən Abşeron rayonunun icra başçısı vəzifəsində işləyirdi.
Yanvarın 27-də iş adamı Hafiz Məmmədov 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hafiz Məmmədov borcu olduğunu, ancaq ödədiyini deyib:
“Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun ölümüylə əlaqədar onun barəsində cinayət işinə xitam verilib.
2021-ci il noyabrın 5-də – ev dustaqlığına buraxılandan 5 gün sonra vəfat edən Vidadi Muradov 21 milyonluq yeyinti, 640 mindən artıq vergidən yayınmada təqsirli bilinib.
Yanvarın 28-də 2017-ci ildə baş vermiş Tərtər hadisələrinin (yüzdən artıq hərbçiyə işgəncə verilməsi və onların bir neçəsinin ölməsi) ictimailəşməsində fəal iştirak edən şəxslərdən biri – hüquqşünas İlham Təhməzov (Aslanoğlu) həbs edilib.
İlham Təhməzova qarşı Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə hökm çıxarılıb.
Yanvarın 31-də Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanova hökm oxunub.
Hökmə əsasən, Məharət Mustafayev və Əli Rüstəmovun hər biri 4 il azadlıqdan məhrum edilib.
Razin Qəhrəmanov isə 10 min manat cərimə olunub. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərini aşma), 311 (rüşvət alma), 32.312 (rüşvət verməyə təhrik), 314-1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələrilə təqsirli bilinib.
“Baglan Group” şirkətlər qrupunun rəhbəri, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədov üç gün həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb.
Vəkil vəsatətində göstərib ki, Hafiz Məmmədovun həbsinə səbəb olan vergi borcunun bir hissəsi artıq ödənilib. Qalan hissə də yaxın vaxtlarda ödəniləcək.
Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi deputat Cavanşir Feyziyevlə əlaqələndirilən bank hesablarında saxlanılan milyonlarla funt sterlinqi müsadirə edib.
Aparılan araşdırmadan sonra bu vəsaitlərin Azərbaycanın “pulyuyan maşını”na (çirkli pulların yuyulması üçün mürəkkəb beynəlxalq üsuldur) məxsus olduğu məlum olub.
Bildirilir ki, maliyyə müstəntiqləri Azərbaycan-Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyadakı bank hesablarına qoyulmuş 5,6 milyon funt-sterlinqin müsadirə etməyə qərar verib.
Nizami Rayon Məhkəməsi yanvarın 31-də Fuad İsmayılovu 30 sutka azadlıqdan məhrum edib.
Fuad İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ittiham olunub.
D18 Hərəkatının Yardımlı rayonunda yaşayan üzvü Cəlil Zabidov yerli məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polisin qanuni tələblərinə tabe olmama) 25 sutka azadlıqdan məhrum edilib.
Fevral
Fevralın 3-də “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədov həbs olunub.
Rasim Məmmədov haqqında Cinayət Məcəlləsinin 221.3 (silah və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Gülnarə Rəhimova və Mətanət Mahmarzayeva (Turan) fevralın 5-də təxminən 4 saat Baş Prokurorluqda dindirilib.
Sərbəst buraxılandan sonra jurnalistlərə açıqlama verən AXCP üzvləri bildirib ki, onların prokurorluğa çağırılması “Facebook” sosial şəbəkəsindəki paylaşımları və yazdıqları şərhlərlə bağlı olub.
Fevralın 8-də həbsdə olan ictimai fəal Fuad İsmayılovun apelyasiya şikayətinə baxılıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyilə keçirilən məhkəmə prosesində iştirak edən Fuad İsmayılov deyib ki, həm tutularkən, həm də sonradan Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində onu döyüblər.
Hələ də sifətində və bədənində işgəncə izlərinin qaldığını deyən ictimai fəalın sözlərinə görə, ona dəyən zərbələrdən qulağının pərdəsi deşilib.
Fevralın 9-da “Tərtər işi” üzrə işgəncə və başqa qanunsuz hallara məruz qalmış daha 163 nəfər müəyyənləşdirilərək zərərçəkmiş qismində tanınıb. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş qismində tanınanlarla birlikdə indiyədək ümumilikdə 281 nəfər zərərçəkən müəyyənləşdirilib.
Fevralın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, polkovnik Rəfael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıb.
Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 341 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittihamlar irəli sürülüb.
Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
Ramiz Mehdiyev bildirib ki, istefasında son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmayıb. O, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun 6 il azadlıqdan məhrum ediməsi haqda hökm çıxarıb.
İ.İsmayılov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirli bilinib.
Fevralın 15-də Avropa ölkələrindən 42 mühacir Azərbaycana deportasiya olunub. Onların 39 nəfəri Almaniyadan, 3-ü Avstriyadan olub. Bildirilib ki, mühacirlərin ölkəyə qaytarılması prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.
Fevralın 17-də “STS” və “Sahil-D Company” şirkətlərinin rəhbəri Sahib İbrahimova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, iş adamı İbrahim Nehrəmli, “Azad Azərbaycan” telekanalının sabiq rəhbəri Tağı İbrahimovun qardaşı olan Sahib İbrahimov 6 il 9 ay azadlıqdan məhrum edilib.
Fevralın 18-də Nizami, Nərimanov və Kürdəmir rayonlarına yeni icra başçıları təyin olunub.
Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, Elxan İbrahimov Kürdəmir, Coşqun Cəbrayılov Nizami, Elgin Həbibullayev isə Nərimanova icra başçısı təyin edilib.
Paytaxtın Heydər Əliyev prospektində yolu bağladıqlarına görə saxlanılan TIR sürücüləri həbs cəzası alıblar. Qərar fevralın 18-də Nərimanov Rayon Məhkəməsində çıxarılıb.
Hakim Hafiz Kamranovun sədrlik etdiyi prosesdə sürücülər – Fəxrəddin Məlikov və Mirələm Məmmədov 30 sutka azadlıqdan məhrum ediliblər. Digər sürücü Rəmiş Cəfərov barəsində istintaq orqanının təqdimatı əsasında 2 ay həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə təqsirli bilinir və 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Fevralın 22-də Moskvada “Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.
Sənədi prezidentlər Vladimir Putin və İlham Əliyev imzalayıb. Bəyannamə 43 bənddən ibarətdir. Sənəd “İki dövlət arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqaviləyə, “Dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və prezidentlərin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslanıb.
Fevralın 24-də “Freedom House” insan haqları təşkilatının “Dünyada Azadlıq 2022” hesabatını açıqlayıb.
Azərbaycan fundamental azadlıqlara görə “qeyri-azad” ölkələr siyahısında yer alıb.
Qonşu Ermənistan və Gürcüstan “qismən azad” ölkələr kateqoriyasına düşüb.
Fevralın 27-də Ukraynanın Bakıdakı səfirliyi önündə bu ölkəyə dəstək aksiyası keçirilib. İştirakçılar “Ukrayna” “Putin rədd ol”, “Ukrayna, Azərbaycan səninlədir” şüarları səsləndirərək dəstəklərini bildiriblər.
Fevralın 28-də Mehdi Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
O, 2016-cı ilin iyununda Göyçay rayonuna icra başçısı təyin edilmişdi.
2010-2021-ci illərdə Milli Məclisin deputatı olmuş Eldəniz Səlimov fevralın 28-dən bu səlahiyyətlərini itirib.
55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Eldəniz Səlimov 2021-ci ilin avqustundan həbsdə olsa da, onun haqqında məhkəmə hökmü fevralın 28-də qüvvəyə minib.
Mart
Martın 2-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun şikayətini rədd edib.
Məhkəmə N. Əhmədovun 13 il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə saxlayıb.
Martın 5-də Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşları İşxan Aşoti Sarqsyan və Vladimir Otari Rafaelyanın mühakiməsi başa çatıb.
Hökmə əsasən, İşxan Sarqsyan 19 il, Vladimir Rafaelyan isə 18 il azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat əldə etmə, saxlama), 318 (ölkə sərhədini qanunsuz keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə təqsirli biliniblər.
Martın 8-də Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Kiyev şəhərindən Lvov şəhərinə köçürülüblər.
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova martın 3-də açıqlama yayaraq Kiyevi tərk etdiyini bildirmişdi. Martın 6-da Rusiyanın hava zərbələri nəticəsində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluq binası ciddi dağıntılara məruz qalmışdı.
Martın 8-də Azərbaycan Feminist Hərəkatının təşkilatçılığı ilə Bakının mərkəzində, Fəvvarələr Meydanında aksiya keçirilib.
“8 Marş – susa bilmirik” aksiyası iştirakçıları bildiriblər ki, Azərbaycanda qadına qarşı şiddət şikayətləri lazımi şəkildə araşdırılmır, polis şikayət edən qadını həyat yoldaşı ilə barışdırıb, evinə dönməyi məsləhət bilir.
Martın 9-da günorta saatlarında Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edən ictimai fəal Bəxtiyar Hacıyev saxlanılıb. Polis əməkdaşları fəalın şəxsi avtomobilinə hücum edib, maşının pəncərəsini sındıraraq onu özləri ilə aparıblar.
5 saatdan sonra sərbəst buraxılan Bəxtiyar Hacıyev Meydan TV-yə bildirib ki, o, Bakı Şəhər Baş Polis İdarəsində təhqir, təhdid və işgəncəyə məruz qalıb.
Martın 15-də polis Demokratiya-1918 Hərəkatının ofisinə basqın edib.
Hərəkatın rəhbəri Əhməd Məmmədli hadisənin günün ikinci yarısında, saat 19 radələrində baş verdiyini deyir.
Martın 20-də D18 Hərəkatı ofisi tərk edib.
Martın 16-da Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda ittiham edilərək, 2021-ci ilin mayında həbs olunan vəzifəliləri azadlığa buraxılıb.
Hökmə əsasən, 8 nəfər təqsirləndirilən şəxsdən 7-si məhkəmə zalından azadlığa buraxılıb, birinə isə 5 il həbs cəzası verilib.
7 nəfərdən də altısı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli bilinib. Onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulan cəzadan daha aşağı həddə cəza təyin olunması) maddəsi tətbiq olunub.
Dövlət Təhlükəsizlik Xidməti 41 yaşlı Azərbaycan vətəndaşı Emil Məmmədovu həbs edib.
1981-ci il təvəllüdlü Emil Məmmədov Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.
O, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar almaqda ittiham olunub.
2010-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olmuş Rasim Quliyev martın 16-da Bakı Apelyasiya Məhkəməsində həbsdən azadlığa buraxılıb.
Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinirdi.
Martın 18-də Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev 11 il azadlıqdan məhrum edilib.
Mahir Quliyev 2006-2020-ci illərdə əvvəl 5 il Astaranın, daha sonra Biləsuvarın icra başçısı olub.
Martın 27-də Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov vəfat edib.
O, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə Azərbaycana qayıdıb.
Martın 29-da 38 nəfər Azərbaycan vətəndaşı Almaniyadan Bakıya qaytarılıb. Bildirilib ki, Azərbaycan vətəndaşlarının geri qaytarılma prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.
Aprelin 5-də “Əjdər Ol” imzasıyla tanınan şair Əjdər Cəbiyevə 8 il 6 ay azadlıqdan məhrum edilib.
O, Səlim Müslimovun əmək və əhalinin sosial müdafiəsi naziri olduğu dövrdə – 2013-2018-ci illərdə nazirliyin Aparat rəhbəri vəzifəsində çalışıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, əlavə cəza olaraq, 3 il də vəzifə tutmaq hüququndan məhrum edilib.
Milli Məclisdə çıxış edən deputat Vahid Əhmədov Bakı-Quba yolunun yenidən qurulması üçün Baş nazirin müavinindən yolun təmiri ilə bağlı pul ayrılmasını xahiş edib:
“İnsanlar bu yoldan istifadə etmək istəmirlər. Mənə deyirlər, alternativ yol, pullu yol çəkilir. Lakin bu yol əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Mən bir daha yolun çəkilməsi ilə əlaqədar Baş nazirə müraciət edirəm. İstər Baş nazir olsun, istər baş nazirin müavinlərinin, istərsə də nazirlərin hamısının Qubada, Qusarda villaları var. Özləri də həftədə bir-iki dəfə o yolu gedib-gəlirlər. O yolu görmürlər?“.
Aprelin 5-də Bakı Apelyasiya Məhkəməsi 1995-2000-ci illərdə Baş prokuror, 2001-2020-ci illərdə isə Azərbaycanın müxtəlif ölkələrdə səfiri işləmiş Eldar Həsənov haqqında 10 il həbs hökmü qüvvədə saxlayıb.
Aprelin 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Eynulla Fətullayevlə bağlı qərar çıxarıb.
“Eynulla Fətullayev Azərbaycana qarşı” işdə məhkəmə ərizəçinin vəkillərinin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb.
Qərara əsasən, hökumət ərizəçiyə 4 min avro təzminat ödəməlidir.
Prezident İlham Əliyev aprelin 12-də keçirdiyi müşavirədə son üç ayda inflyasiyanın 18 faizə qalxmasını: “Əlbəttə ki, yüksək rəqəmdir”, – deyə reaksiya verib.
Ölkə başçısı deyib ki, dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir:
“Ancaq eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir”.
Aprelin 13-də Nəsimi Rayon Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailə üzvləri onun müayinə və müalicəsilə məşğul olmuş həkimlərin cəzalandırılması haqda şikayəti təmin olunub.
Hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva həkim heyətinin haqqında cinayət işi başlamaqdan imtina edən Nəsimi Rayon Prokurorluğunun 2021-ci ilin aprelində verdiyi qərardan məhkəməyə şikayət etmişdi.
Hakim Solmaz Mustafayevanın çıxardığı qərara əsasən, prokurorluğun qərarı ləğv edilib.
Aprelin 18-də Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu Ukraynaya dəstək məqsədilə Bakıda – “Ukrayna” dairəsində təkadamlıq aksiya keçirməyə cəhd edib. Amma polislər Tofiq Yaqubluya aksiya keçirməsinə imkan verməyiblər.
İctimai fəal Bəxtiyar Hacıyevin aprelin 21-də Bakının Yasamal rayonu ərazisində “Caspian Plaza”nın yaxınlığında bir qrup şəxs tərəfindən oğurlanması, döyülməsi və başqa formada təzyiqlərə məruz qalmasıyla bağlı şikayəti əsasında cinayət işi başlanıb.
Bu barədə Meydan TV-yə ictimai fəalın özü məlumat verib.
Bəxtiyar Hacıyev bildirib ki, Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.
Rusiyada “Nə? Harda? Nə vaxt?” televiziya proqramının iştirakçısı, jurnalist Rövşən Əsgərova qarşı nasizmin reabilitasiyası ittihamı ilə cinayət işi açılıb.
Səbəb R.Əsgərovun aprelin 6-da “Facebook”-da Sovet İttifaqının marşalı Georgi Jukov haqda yazdığı statusudur.
Rövşən Əsgərova qarşı Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır.
May
Mayın 20-də Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib. Razi Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə təqsirli bilinib. Lakin o, özünü təqsirli bilmir və narkotik ittihamının saxta olduğunu deyir.
Mayın 20-də saxlanılan bloger Rəşad Ramazanova qarşı narkotik ittihamı irəli sürülüb.
Rəşad Ramazanova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Mayın 24-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Neftçalanın keçmiş icra başçısı, iki ildən çoxdur həbsdə olan İsmayıl Vəliyev kəsilmiş 10 il azadlıqdan məhrumetmə cəzası 9 il 6 aya endirilib.
Onun ictimai-siyasi və humanitar məsələlər üzrə müavini olmuş Gültəkin Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Neftçala rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə endirilib.
Mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmov azadlığa çıxıb.
Onun həbs müddəti bitib. Aqil Məhərrəmov 2018-ci il mayın 25-də AXCP Nərimanov şöbəsinin sədri Babək Həsənov və partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli ilə birlikdə həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar.
Adları çəkilən şəxslərə CM-nin 192 (qanunsuz sahibkarlıq) və 193-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Mayın 26-da keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problemlər olduğu əsas gətirilərək, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. O azadlığa buraxılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.
Mayın 28-də Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, eləcə də Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin zabiti olmuş Zahid Niftəliyev həbs edilib. O, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunur.
İyun
Milli Məclisin III, IV və V çağırış deputatı olmuş, 2021-ci ilin sentyabrında həbsdə vəfat edən Rəfael Cəbrayılov külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi cinayətlərdə təqsirli bilinib.
İyunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.
İyunun 7-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyevin 7 milyon 738 min manatlıq əmlakının üzərinə həbs qoyulub. Bunlar əsasən, Bakının mərkəzində bahalı mənzillər, obyektlər, Novxanıda içində 1000 kvadrat metrdən böyük ev tikilmiş bağ evi və başqa onlarla daşınmaz əmlaklar var.
Əmlaklar generalla yanaşı, onun həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və başqa qohumlarının adınadır.
İyunun 16-da “Tərtər işi”ndən zərərçəkənlər və bu işin araşdırılmasını istəyən bir qrup insan Hərbi Prokurorluq önünə toplaşıb, etiraz ediblər. Tələb isə “Tərtər işi”ndə hərbçilərə işgəncə verən şəxslərin cəzalandırılması, həbs edilənlərin azad edilməsi və işgəncələr nəticəsində əlillik qazananların şikayətinin araşdırılmasıdır.
Toplananlar Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin istefasını tələb ediblər
ABŞ Dövlət Departamenti iyunun 24-də Azərbaycan hakimiyyətinə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsi ilə bağlı çağırış edib.
“Biz Azərbaycan Konstitusiyası ilə təmin edilən əsas azadlıqlardan istifadə etmək hüququnu, habelə hökumətin beynəlxalq öhdəliklərini tam dəstəkləyirik”, – deyə departamentin açıqlamasında deyilir.
2018-ci ilin fevralından 2020-ci ilin dekabrına qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı olmuş Namiq Zeynalov 12 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, keçmiş icra başçısı və yaxınlarının əmlakları da müsadirə olunaraq, yeyinti nəticəsində dəymiş ziyanın ödənilməsinə yönəldilib.
İyul
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin fəalı, iyulun 7-də etiraz aksiyası keçirən Əlizamin Salayev həbs edilib. Salyan Rayon Məhkəməsində onun haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə 30 sutkalıq həbs qərarı çıxarılıb.
İyulun 7-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qətlə yetirilən yazıçı Rafiq Tağının həyat yoldaşının şikayəti üzrə qərarında Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıyıb.
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, xərc və məsrəflərə görə 2 min avro ödəməlidir. Yazıçı Rafiq Tağı 2011-ci il noyabrın 19-da bıçaqlanıb. Bir neçə gün sonra xəstəxanada vəfat edib.
İyulun 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat-istintaq tədbirləri həyata keçirdiyi haqda məlumat yayıb.
Qeyd olunub ki, Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilov gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozub.
DTX Ehtiram Xəlilovun Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyini vurğulayıb.
3 ilə yaxın Almaniyada mühacir kimi yaşamış, 2021-ci ilin noyabrında Azərbaycana deportasiya olunub, iki ay sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimliyə hökm oxunub.
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, 6 il azadlıqdan məhrum edilib.
AXCP fəalı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə təqsirli bilinib.
Avqust
Avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olub.
Səfirliyə hücumun məsuliyyətini “Mehdi Xidmətçiləri” şiə ekstremist qruplaşmanın öz üzərinə götürdüyü bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hadisəni vandalizm aktı adlandırıb və bəyan edib ki, yerli hüquq-mühafizə qurumları olayla bağlı araşdırma aparır.
Avqustun 8-də Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yüksək vəzifəli gömrükçülərlə bağlı cinayət işinin istintaqı çərçivəsində “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov da həbs edilib.
Şirkət rəhbərinə Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İnsan hüquqlarının müdafiəçisi Anar Məmmədli avqustun 9-da Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağrılıb. DTX-da Anar Məmmədlidən “Pegasus” işi ilə bağlı izahat alınıb.
Ötən həftə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov da DTX-da eyni iş üzrə izahat verib. O da araşdırmanı prokurorluğun aparmalı olduğuna diqqət çəkib.
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının keçmiş sədr müavini, eyni zamanda, Bakının Binəqədi rayonunun bələdiyyə sədri olmuş Aytac Əliyeva dələduzluq, saxta sənəd ittihamıyla 9 aydır ki, həbs olunub.
Almaniyada oturum izni olan Anar Əliyev Bakıya gələndən az sonra həbs olunub. İyulun 25-də saxlanılan Anar Əliyevə qarşı narkotik ittihamı irəli sürülüb. Anar Əliyevə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimovanın cinayət məsuliyyətinə cəlb olunması tələb edilib.
Avqustun 19-da məhkəmədə ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb. Xüsusi ittihamçı isə Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı Seymur İmanovdur.
O, Gülnarə Rəhimovanın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edir.
İctimai-siyasi fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən oğurlandığını bildirir. Hadisə avqustun 22-də günorta saatlarında baş verib.
Bu barədə Bəxtiyar Hacıyev özü Meydan TV-yə danışıb.
Azərbaycan ordusu Laçın şəhərinə daxil olub.
Bu barədə Prezident İlham Əliyev avqustun 26-da “Twitter” səhifəsində paylaşım edib.
Sentyabr
Sentyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general və polkovniklərinin işi üzrə zərərçəkmiş kimi tanınan şəxslər keçmiş nazir Eldar Mahmudovun bağ evinin qarşısında etiraz aksiyası keçirib.
Onlar vaxtilə saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyən zərərçəkmişlər onlara vurulan ziyanın ödənilməsini tələb ediblər.
Rusiyalı erməni əsilli sahibkar Ruben Vardanyan Qarabağa köçəcəyini və Rusiya vətəndaşlığından imtina etdiyini bildirib.
Bu barədə erməni sahibkar sentyabrın 1-də “YouTube”da yaydığı videomüraciətində danışıb.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov həbs olunub.
Sentyabrın 5-də Xətai Rayon Məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə haqqında ittiham hökmü çıxarılıb.
Gülnarə Rəhimova avqustun 11-də “Facebook” hesabındakı paylaşımına görə Cinayət Məcəlləsinin CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Ona bu maddələrlə 460 saat ictimai işlər cəzası verilib.
Sentyabrın 10-da “Xural TV” internet kanalının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov saxlanılıb.
Jurnalist Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq) maddəsilə şübhəli bilinir.
Vəkil Elçin Sadıqov həmin gün “Facebook” səhifəsindən məlumat yayaraq Baş Prokurorluğun ofisində axtarış apardığını bildirib.
Elçin Sadıqova da Cinayət Məcəlləsinin 311.3.3 maddəsilə ittiham irəli sürülüb. O, istintaqa ifadə verməkdən imtina edib.
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-də məlumat yayaraq sentyabrın 12-dən bu yana silahlı qüvvələrin 50 hərbçisinin həlak olduğunu bildirib. Onlardan 42 nəfər Azərbaycan ordusundan, 8 nəfər isə Sövlət Sərhəd Xidmətindən (DSK) olub. “Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub”, – Müdafiə Nazirliyi bildirib.
Məlumatda qeyd edilir ki, silahlı toqquşma sentyabrın 12-də gecə saatlarında başlayıb, sentyabrın 13-ü səhər saatlarınadək davam edib:
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib”.
Ermənistan tərəf də açıqlama verərək qarşıdurma nəticəsində 49 hərbçisinin həlak olduğunu açıqlayıb.
Eldar Mahmudov nazir olduğu dövrdə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev general-mayor rütbəsilə yanaşı bir sıra orden və medallarını da itirib. Bu, Bakı Hərbi Məhkəməsində sentyabrın 12-də onun haqqında çıxarılan hökmdə əksini tapıb.
Prezidentin sərəncamlarıyla 2009-cu ildə ona “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, 2006-cı ildə “Hərbi xidmətlərə görə” və 2014-cü ildə “Vətən uğrunda” medalları verilmişdi.
Sentyabrın 14-də Avropa Şurası Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Elçin Sadıqovu və jurnalist Əvəz Zeynallını dərhal azad etməyə çağırıb.
“Vətəndaş cəmiyyəti fəallarını və müstəqil media nümayəndələrini təhdid və təqiblərə son qoymalıdır”, – deyə Avropa Şurasının bəyanatında bildirilib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır. Bunu KTMT-nin qərargah rəhbəri Anatoli Sidorov sentyabrın 15-də açıqlama verib.
O, təşkilatın Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini vurğulayıb.
Sentyabrın 16-da həbsdə olan MTN generalı Mövlam Şıxəliyev Hərbi Məhkəmədə Ziyad Səmədzadəyə 8 milyon verdiyini bəyan edib.
Vəkil Elçin Sadıqov həbsdən buraxılıb.
Sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsində Zəki Babayevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.
Sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə uzun illər rəhbərlik etmiş general Mövlam Şıxəliyevə, polkovniklər – şöbə rəisləri Vüsal Ələkbərova, Yasin Məmmədova, rəis müavini Sahib Ələkbərova Bakı Hərbi Məhkəməsində hökm oxunub
Sentyabrın 27-də Azərbaycan Feminist Hərəkatının nümayəndələri Bakıdakı İran Səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Məqsəd İrandakı qadınların mübarizəsinə dəstək vermək olub.
Ali Məhkəmə Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cəzasını azaldıb və həbsdən buraxılmasına qərar verib.
Sentyabrın 28-də Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan 6 nəfərdən daha birinə – ictimai fəal Malik Rzayevə hökm oxunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, narkotik ittihamıyla 7 il azadlıqdan məhrum edilib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 30-da Milli Məclisin önündə aksiya keçirib.
Aksiyaçılar sentyabrın 7-də Milli Məclisə təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsinin tələblərinə etiraz edəcəklərini bildiriblər. Aksiya zamanı 36 nəfər saxlanılıb.
Sentyabrın 29-da ilahiyyatçı Abgül Süleymanovun həbs müddəti başa çatıb. O, 11 il həbs cəzasından sonra azadlığa buraxılıb.
Sentyabrın 30-da Sülh və Demokratiya İnstitutu (SDİ) siyasi məhbus siyahısını açıqlayıb.
SDİ bildirib ki, Azərbaycanda hazırda 99 nəfər siyasi məhbus var. İnstitut siyasi məhbusları 7 qrupa bölüb. Jurnalistlər və blogerlər, müxalif partiya və hərəkatların üzvləri, Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər, dindarlar və digərləri.
Sentyabrın 30-da Ali Məhkəmənin Plenumu Nida Vətəndaş Hərəkatının keçmiş üzvləri, 2013-cü ildə “Molotov kokteyli” hazırlama və kütləvi iğtişaşlar planlaşdırma ittihamıyla həbs edilən Şahin Novruzlu və Məmməd Əzizova Ali Məhkəmə 9 il sonra bəraət verib.
Oktyabr
Oktyabrın 2-də Qubadlının keçmiş icra başçısı, “İnterpol” xətti ilə axtarışda olan Elxan Nuriyev Polşada saxlanılıb. Elxan Nuriyev Ukraynada yaşayırdı.
Baş Prokurorluq Elxan Nuriyevi qəsdən adam öldürməkdə ittiham edir.
Oktyabrın 3-də Azərbaycan Fransaya nota verib. Bununla bağlı Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.
Məlumata görə, səfir Zakari Qrosa son zamanlar Azərbaycanın Fransadakı diplomatik nümayəndəliklərinə qarşı erməni qrupları tərəfindən törədilən hücumların sayının artdığı bildirilib.
“Azərbaycan Ermənistanın ərazilərinə hücum edib”.
Bunu oktyabrın 4-də Avropa İttifaqının xarici əlaqələr üzrə ali komissarı Josep Borrel deyib. Aİ-nin xarici əlaqələr üzrə ali komissarı vurğulayıb ki, Brüssel Bakıdan qoşunlarını geri çəkməyi və bu yaxınlarda yayılan məhbusların edam videosunun araşdırılmasını tələb edib. Lakin Josep Borrelin ünvanlı tənqidi deputatları qane etməyib.
Hollandiya nümayəndəsi Pieter van Dalen Azərbaycanla imzalanmış qaz sazişini ləğv etməyi və ya heç olmasa dondurmağı təklif edib. Josep Borrel deyib ki, Aİ gərginliyi azaltmaq və regiona sülh gətirmək üçün bütün imkanlardan istifadə etməyə sadiqdir, lakin bu alətlər əslində azdır.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə oktyabrın 6-da gecə saatlarında vəfat edib. Partiya sədrinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilirdi.
Oktyabrın 6-da Müdafiə Nazirliyini tənqid edən ehtiyatda olan polkovnik Elnur Məmmədov məhkəmə zalında həbs olunub.
Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma Ata Bəyannaməsinə sadiqliklərini təsdiq edib. Bildiriblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq.
Bu barədə Yelisey sarayının Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı (Aİ) liderlərinin oktyabrın 6-da keçirilən dördtərəfli görüşünün yekunlarına dair bəyanatında deyilir.
Oktyabrın 11-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti Əliyevlə danışıb. Onların söhbəti əsasən Azərbaycan və Ermənistanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı addımlardan bəhs edib.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov 8 il azadlıqdan məhrum edilib.
Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldığı bildirilir. Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, baş vermiş hadisə ilə bağlı ABŞ-ın müvafiq qurumlarına məlumat verilib.
Eyni zamanda, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. XİN əlavə edir ki, məsələ ilə əlaqədar ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili oktyabrın 12-də nazirliyə dəvət edilib, ona baş vermiş hadisə barədə məlumat verilib.
Oktyabrın 12-də BMT Baş Məclisi Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsini qanunsuz akt sayan qətnamə qəbul edib.
Qətnaməyə 143 ölkə dəstək versə də, Rusiya, Belarus, Suriya, Şimali Koreya və Nikaraqua əleyhinə çıxıb. 35 ölkə, o cümlədən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan bitərəf qalıb. Azərbaycan, İran, Türkmənistan və daha 7 ölkə səsvermədə iştirak etməyib.
Oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının üzvü, partiya sədri Elçin Manafovun sürücüsü işləmiş Səbuhi Səlimovun işinə baxılıb. Elçin Manafov da şahid qismində dindirilib.
O, ifadə verərkən məlum olub ki, Vəli Cabbarini tanıyır, onunla görüşüb: “SEPAH rəhbərlərindəndir. İrana gedəndə rastlaşmışıq. Deyirdi ki, bizimlə əməkdaşlıq edin”.
Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) həbsdə olan rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqovun onun müdafiəsindən uzaqlaşdırılması haqda qərar çıxarılıb.
Avropa İttifaqı regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycan-Ermənistan sərhədi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Bu barədə oktyabrın 17-də Avropa İttifaqı məlumat yayıb.
Oktyabrın 17-də Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri Leyla Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandaki səfiridir.
Oktyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində Leyla və Arif Yunusların işi üzrə icraat dayandırıb. Leyla və Arif Yunuslar 2014-cü ilin yayında həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.
2015-ci ilin dekabrında Bakı Apelyasiya Məhkəməsinin qərarıyla onlar şərti azadlığa buraxılıb. 2016-cı ilin aprelində isə Niderlanda gediblər.
Vəkil Elçin Sadıqov bildirib ki, bu iş üzrə icraatı dayandırmağa əsas yoxdur.
Oktyabrın 20-də Ali Məhkəmədə 1995-2000-ci illərdə Baş prokuror, 2001-2020-ci illərdə isə Azərbaycanın müxtəlif ölkələrdə səfiri işləmiş Eldar Həsənov haqqında kassasiya şikayətinə baxılıb. Eldar Həsənova 10 il həbs cəzası verilməsi məsələsində hökm qüvvədə qalıb.
Oktyabrın 20-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycana gəlmiş Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrım Cəbrayıl yolunda qəzaya uğrayıb.
Vəhdət Partiyasının sədri Tahir Kərimli çoxpartiyalı konstitusion mühiti təmin etmək üçün yeni qanuna ehtiyacın olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda qeydə alınmayanlar da daxil olmaqla, 100-dən partiya var: “Amma xalqın çoxu nə partiyamızın adını bilir, nə sədrini tanıyır”.
Oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyası paytaxtda sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə aksiya keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən aksiyada onlarla Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR), Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri saxlanılıb.
Oktyabrın 24-də Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib. Səbəb 2022-ci ilin 20-21 oktyabr tarixlərində Rusiyanın “Birinci Kanal”ında yayımlanan “Böyük oyun” verilişində Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi göstərilib.
Oktyabrın 25-də akademik, deputat İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilib.
1949-cu ildə Naxçıvanda doğulan İsa Həbibbəyli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini bitirib.
2013-cü ildən AMEA-nin vitse-prezidentidir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon təşkilatının sədri Ramid Nağıyev oktyabrın 25-də həbs olunub. Ona Binəqədi Rayon Məhkəməsinin qərarıyla 7 sutka inzibati həbs cəzası kəsilib.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 31-də Soçidə Azərbaycan və Ermənistan liderləri ilə keçirilən görüşdə hər şeyin razılaşmadığını bildirib.
V. Putin 2 saatdan artıq davam edən görüşün faydalı keçdiyini, gələcək mümkün razılaşmalar üçün yaxşı mühit yaradıldığını bildirib:
“Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açığını demək lazımdır ki, hər şey razılaşdırılmayıb, bəzi şeylər əvvəllər mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı idi”.
Noyabr
Noyabrın 7-də Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini İsfəndiyar Vahabzadə üzvü olduğu partiyadan istefa verib.
O bildirib ki, bu addımı HƏP sədri Əli İnsanovun Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləməsinə etiraz olaraq atıb.
Noyabrın 14-də BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya təcavüzü və cinayətlərinə görə təzminat ödəməsinə dair qətnamə layihəsi səsverməyə çıxarılıb. 94 ölkənin lehinə səs verdiyi qətnamə qəbul edilib. 73 ölkə bitərəf qalıb.
Azərbaycan nümayəndə heyətinin səsverməyə qatılmadığı məlum olub. Ermənistan bitərəf, İran əleyhinə, Türkiyə və Gürcüstan isə lehinə səs verib.
Noyabrın 14-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib. Toplantıda iştirak edənlərin 296 nəfərdən 295-i layihəni dəstəkləyib, 1 nəfər sənədin əleyhinə səs verib. Qətnamədə Azərbaycandan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi tələb olunub.
Noyabrın 15-də Azərbaycanın Müsavat Partiyası aktivistləri İran Səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Aksiyaya səbəb İranda son zamanlar aksiyalar zamanı fəalların sıxışdırılmasıdır.
Noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Jülyen Lö Lana Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.
ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib ki, Minsk Qrupu, məlum olduğu kimi, işləmir, mandatı və məqsədi qalır.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətləri o qədər inkişaf edib ki, konsensus vasitəsilə bu mandata son verə bilərik. Ancaq Filip Riker bu mandatı faydalı da hesab edir.
“Ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyanla yox…”
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib. Azərbaycan dövlət başçısı Ermənistan təklif etdiyi sülh sazişindən danışıb:
“Biz məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivəni təklif etdik. Məhz biz delimitasiya komissiyasını yaratmağı təklif etdik. Məhz biz münasibətlərin normallaşdırılması üçün əsasları müəyyən etməyə çalışdıq. Ermənistan bu prosesin ilkin mərhələsində çox tərəddüd edirdi. İndi isə onlar sülh haqqında danışırlar, lakin biz onların anlamında sülhün nə olduğunu anlamırıq”.
Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Davit Babayan deyib ki, Dağlıq Qarabağ Azərbaycanla danışıqlara hazırdır, ancaq beynəlxalq formatda, vasitəçilərin iştirakı ilə. D.Babayanın sözlərinə görə, Əliyevin dedikləri son təslim olmaqdan başqa bir şey deyil.
Azərbaycan İsraildə, Albaniya və Keniyada səfirlik, Fələstində diplomatik nümayəndəlik açacaq. Bu barədə Məsələ Milli Məclisin 18 noyabr iclasında Qanun layihələrini təsdiqləyib.
Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədovun Göyçaydakı şəxsi evində axtarış aparılıb.
Bu açıqlamanı noyabrın 19-da “Turan”a Fərhad Əhmədovun mətbuat katibi Müşfiq Əlizahid deyib.
O, F.Əhmədov barəsində Azərbaycanda hər hansı cinayət təqibi olmadığını bildirib. Əlizahidin sözlərinə görə, yalnız milyarderin Göyçaydakı şəxsi evində axtarış aparılıb, müəssisələrdə yoxlama aparılmayıb.
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirə AXCP və Müsavat dəvət eidlməyib.
Yubiley tədbirində yalnız keçmiş səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, REAL Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə də olub. Hər 3 partiya sədrinin hakim partiyanın yubileyinə qatılması diqqət çəkib. Çünki onlar YAP hakimiyyəti dövründə həbsxana həyatı yaşayıblar və ədalətsiz həbs olunduqlarını iddia edərək Avropa Məhkəməsinə şikayət ediblər.
Noyabrın 21-də xaricdə yaşayan azərbaycanlı bloger Orxan Ağayevin Berlində yaşadığı mənzilin qarşısında hücuma məruz qaldığı bildirilir. Ona 2 nəfər azərbaycanlının hücum edərək, xəsarət yetirdiyi deyilir.
O, Meydan TV ilə döyülmə anında çəkilmiş görüntüləri paylaşıb. Bildirib ki, hadisəni onun həyat yoldaşı lentə alıb.
Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılması gözlənən işlərin siyahısında Azərbaycan 8-ci yerdə qərarlaşıb. Ölkədən göndərilən və qərar gözləyən işlərin sayı 2 min 200-dür. Birinci yerdə Türkiyədir.
Bu, Rusiyanın Avropa Şurasından (AŞ) çıxarılmasından sonra baş verib. Buna qədər baxılması gözlənən işlərin sayına görə Rusiya birinci yerdə olub.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Hakim Anar Rzayevin sədrliyilə çıxarılan hökmə əsasən, partiya sədri Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə təqsirli bilinib.
İddia olunur ki, Əli Əliyev Bakı İstintaq Təcridxanasında kamera yoldaşı Zabit Nəzərovu vuraraq, ona xəsarət yetirib. Lakin Əli Əliyev bu ittihamın saxta olduğunu, siyasi sifarişlə bu cinayət işinin başlandığını bildirib.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə hərbi texnikalar daşınır. Bu fikirləri noyabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransında DTX rəisinin birinci müavini Ceyhun Şadlinski səsləndirib.
Respublikaçı Alternativ Partiyası (ReAl) Avropa Şurası Venesiya Komissiyasına “Siyasi partiyalar haqqında” Qanun layihəsi ilə bağlı göndərdiyi sorğuya cavab alıb.
Partiyanın sədri İlqar Məmmədov bildirib ki, Venesiya Komissiyası və Avropa Şurasının digər məsul qurumları “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı Azərbaycan hökuməti ilə heç bir məsləhətləşmədə iştirak etməyib:
“Beləliklə, hökumət çox da “Venesiya-Venesiya” deyib ictimaiyyəti çaşdırmasın. Bu qanun layihəsi müsbət beynəlxalq rəy alacaq layihə deyil”.
Almaniyadan Azərbaycana deportasiya ediləndən dərhal sonra öncə inzibati qaydada həbs edilən, daha sonra barəsində cinayət işi başlanan Ziya İbrahimli noyabrın 24-də azadlığa çıxıb. Ziya İbrahimli aliment öhdəlikləriylə bağlı məhkəmə qərarını icra etməməkdə ittiham olunurdu. Bu ittihamla da onun haqqında öncə Biləsuvar Rayon Məhkəməsinin qərarıyla 30 günlük inzibati həbs qərarı çıxarılıb.
Ardınca Cinayət Məcəlləsinin 306.1 (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsilə cinayət işi başlanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komitəsində iki gün öncə keçirdiyi əməliyyat nəticəsində həbs olunanlar var. Onlardan biri də Komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərovdur.
Ərazi aidiyyəti üzrə (DTX bu rayonun ərazisində yerləşdiyinə görə) Səbail Rayon Məhkəməsində saxlanılan şəxslərdən bəziləri haqqında həbs qərarı çıxarılması üçün verilən təqdimata baxılıb. Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və başqa maddələrilə ittiham olunan Mansur Əsgərov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İlham Əliyev dekabrın 7-də Brüsseldə Ermənistanın və Azərbaycanın dövlət başçılarının nəzərdə tutulan görüşünə qatılmayacaq. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda danışıb.
Leyla İsmayılzadə həyat yoldaşı Taleh Bağırzadə həbsxanada işgəncəyə məruz qaldığını deyib. Leyla İsmayılzadənin verdiyi məlumata görə, ilahiyyatçı noyabrın 26-da 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. “Cəzaçəkmə müəssisəsinə daxil olduğu andan da təzyiqlər başlayıb. Müəssisənin rəis müavini onu təhqir edib. O da təbii ki, etiraz edib…”, – Leyla İsmayılzadə bildirib.
Dövlət Təhlükəsizlik Xidməti (DTX) noyabrın 28-də 13 erməni hərbçisinin nəşinin Ermənistana təhvil verib.
Qurumun məlumatında onların 2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədindəki hərbi əməliyyatlar zamanı həlak olduğu qeyd olunub.
Milli Məclisin 29 noyabr iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul edilib. Layihəni Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib ki, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli noyabrın 30-da Brüsseldən qayıdarkən gecə 03.30-da Bakı hava limanında saxlanılıb. Bu barədə Gültəkin Hacıbəyli özü Meydan TV-yə danışıb.
Noyabrın 30-da Almaniyadan 23 Azərbaycan vətəndaşı deportasiya edilib. Bu barədə dekabrın 1-də Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb. Bildirilib ki, deportasiya “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib. Bu saziş 2014-cü ildə imzalanıb. Avropa ölkələrindən 2022-ci ilin martın 29-da 38, fevralın 15-də isə 42 Azərbaycan vətəndaşı deportasiya olunub.
Ermənistan I Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan 10 nəfərin nəşini, həmçinin 4 cəsədin basdırıldığı yerləri göstərən iki xəritəni Azərbaycana təhvil verib. Təhvil prosesi dekabrın 1-də həyata keçirilib.
Bu barədə Ermənistan mediası Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan 2020-ci il noyabrın 9-dan indiyədək I Qarabağ müharibəsində həlak olan 140 nəfərin nəşini və beş xəritəni Azərbaycana təhvil verib. Azərbaycan tərəfi isə bununla bağlı hər hansı bir rəsmi məlumat yaymayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır. Nazir vurğulayıb ki, son vaxtlar Ermənistan rəhbərliyi Qarabağdakı ermənilərin statusundan daha çox onların hüquqlarından danışır.
Dekabr
Dekabrın 3-də Azərbaycan İran İslam Respublikasına nota verib. Səbəb kimi İran vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz keçidi göstərilib.
Rəsmi Tehran hələ iddialara cavab verməyib.
“Azərbaycan tərəfi ilə mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunub”. Bu açıqlamanı dekabrın 5-də Rusiya Sülhməramlı Kontingentinin komandanı, general-mayor Andrey Volkov Azərbaycan televiziyalarına müsahibəsində deyib. Ancaq “Dağlıq Qarabağ” separatçı rejimin “Milli Təhlükəsizlik Xidməti” məlumatı təkzib edib.
Bildirilib ki, Volkov dəhlizdə nəzarət-buraxılış məntəqəsi olmayacağını, ora azərbaycanlılar nəzarət etməyəcəyini və orada azərbaycanlıların dayanmayacağını söyləyib.
Dekabrın 7-də Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə iclası keçirilib.
“Facebook” istifadəçisi Leyla Arif onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını tələb edir.
“”Dağlıq Qarabağ”ın prezidenti Arayik Harutyunyan 1500 sülhməramlının ailəsinin Rusiyadan bölgəyə köçürülməsi üçün əlindən gələni edir ki, onlar burada daha möhkəm məskunlaşsınlar. Bu məsələ ilə bağlı o, Rusiyanın ali orqanlarına müraciət edib və rus hərbçilərinin ailə üzvlərinin köçürülməsinin təşkil olunacağına dair təminat alıb”.
Bunu dekabrın 9-da Ermənistanın “Hraparak” qəzeti yazıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqar Meydan TV-yə deyib ki, Arayik Harutyunyanın bu addımı Rusiya ilə Azərbaycan arasında gərginliyin yaranmasına hesablanıb.
Dekabrın 9-da İctimai fəal Bəxtiyar Hacıyev həbs olunub. Xətai rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb.
Beynəlxalq Amnistiya Təşkilatı (“Amnesty International”) Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılmasına çağırıb.
Bildirilir ki, Azərbaycandan olan keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyev yenidən həbs edilib: “Onu siyasi motivli ittiham üzrə 3 ilədək həbs təhlükəsi gözləyir. O, dərhal azadlığa buraxılmalıdır”.
AXCP sədri Əli Kərimli hesab edir ki, Bəxtiyar Hacıyevin həbsi birbaşa siyasi repressiyadır. Bu barədə AXCP sədri Əli Kərimli Meydan TV-yə siyasi fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı suala cavabında deyib.
Əli Kərimli deyir ki, hakimiyyət cəmiyyəti susdurmaq üçün növbəti mərhələyə başlayıb.
Dekabrın 10-da Amerika Birləşmiş Ştatları Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşı Kərim Əlimərdanova qarşı sanksiya tətbiq edib.
Dövlət Departamenti Kərim Əlimərdanovu 2015 və 2016-cı illərdə insan hüquqlarını kobud şəkildə pozmasına, yəni məhbuslara işgəncə verilməsində iştirak etdiyinə görə sanksiyaya salıb.
Kərim Əlimərdanovun adı ictimai fəal Elgiz Qəhrəmanın məhkəməsində və “Nardaran hadisələri”ndə hallanıb.
“ABŞ Dövlət Departamentinin Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşı Kərim Əlimərdanova qarşı sanksiya tətbiq etməsi ilk presedentdir. Presedent əsasında da siyahını artırmaq olar və bu, o qədər də vaxt aparmayacaq”.
Bunu “Turan İA”nın direktoru Mehman Əliyev Dövlət Departamentinin sanksiyasını Meydan TV-yə şərh edərkən deyib.
Mehman Əliyev hesab edir ki, departamentin sanksiya qərarı Azərbaycan hakimiyyətinə xəbərdarlıqdır: “Yəni bu tipli cinayətlər davam etsə, hökumət rəsmiləri həmin qanunun təsiri altına düşəcəklər”.
Müsəlman Birliyi Hərəkatının sədri, noyabrın 26-dan saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində aclıq etdiyi bildirilən ilahiyyatçı Taleh Bağırzadə aclığı dayandırıb.
Bu barədə dekabrın 11-də Meydan TV-yə onun yaxınları məlumat verib.
Ailə üzvlərinin sözlərinə görə, həm aclıq nəticəsində səhhətində kəskin problemlərin yaranması, həm də cəzaçəkmə müəssisəsində təzyiqlərin dayandırılmasını nəzərə alaraq, ilahiyyatçı aclığı dayandırmaq qərarı verib.
Dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) xalqı və beynəlxalq birliyi “Siyasi partiyalar haqqında” yeni qanununa etiraz etməyə çağırıb.
Partiya hesab edir ki, Azərbaycan hakimiyyəti “Siyasi partiyalar haqqında” yeni qanunla ölkədə çoxpartiyalı siyasi sistemi, real alternativ qüvvələri hüquq müstəvisindən çıxarıb, faktiki məhv etmək istəyir.
Dekabrın 12-də İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası (MSŞA), Azərbaycan hökumətinin Dəmirli və Qızılbulaq mədən yataqlarında monitorinq aparılmasını dəstəkləyir. Həmçinin rus “sülhməramlıları”nın yaratdığı maneəni dəf edə bilmək üçün bu sahədə peşəkarlaşmış vətəndaş cəmiyyətinin imkanlarından istifadə etməsini, onlarla aparılan bu görüşlərdə MSŞA Koalisiyasının ekspertlərinin iştirakına şərait yaradılmasını tövsiyə edir.
ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında Laçın dəhlizində baş verən qarşıdurma və gərginliyin aradan qaldırılması üçün səy göstərir. O, bu barədə “Turan”ın müxbirinin sualına cavab verərkən danışıb.
Dekabrın 14-də Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb. Bu barədə “Telegram“ kanallarında video-məlumat yayılıb.
Dekabrın 15-də Norveçin Helsinki Komitəsi (NHC) Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi azad etməyə çaöırıb. Komitə bildirib ki, Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittihamlar saxtadır və dərhal ləğv edilməli, o, sərbəst buraxılmalıdır.
“Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır”.
Bunu dekabrın 15-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova deyib. O bildirib ki, mülki əhaliyə problem yaratmaq yolverilməzdir. XİN rəsmisi üçtərəfli sazişi xatırladaraq qeyd edib ki, tərəflər öz üzərinə götrdüyü öhdəliklərə ciddi əməl edilməlidirlər: “Biz Rusiya sülhməramlılarına qarşı təxribat xarakterli ittihamlara münasibət bildirməyə məcburuq. Bu təxribatlar haradan gəlməsindən asılı olmayaraq qəbuledilməz və zərərlidir”.
Rusiya Azərbaycanın Ukraynaya “humanitar yardım kimi” transformator və generatorları təhvil verməsinin Moskvada çaşqınlıq yaratdığını hesab edib. Bu barədə dekabrın 15-də TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki (XİN) mənbə deyib.
“Bakının belə bir addım atması çaşqınlıq doğurur. Xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev rejiminin hərbi ehtiyaclar üçün istifadə etdiyi kritik infrastrukturunu məhv edir. Azərbaycanın tədarükləri isə humanitar yardıma bərabər deyil”, – deyə mənbə bildirib.
Dekabrın 15-də Bakı Apelyasiya Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev haqqında həbs qərarından verilən şikayətə baxılıb. Məhkəmədə Bəxtiyar Hacıyev özü də iştirak edib. Haqqındakı cinayət işinin qondarma olduğunu vurğulayan ictimai fəal məhkəmədə deyib ki, həbs olunacağı haqda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərov ona əvvəldən xəbərdarlıq etmişdi:
“Demişdi ki, əgər sən xaricdə bizə qarşı sanksiyalar məsələsini qaldırırsansa, biz də səni həbs eləməyə məcbur olacağıq”.İctimai fəal elan edib ki, qanunsuz həbs olunmasına etiraz olaraq, dekabrın 15-dən aclıq aksiyasına başlayıb.
Dekabrın 15-də Almaniya hökuməti 20 nəfər Azərbaycan vətəndaşını deportasiya edib. Bu addım “Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2014-cü ildə imzalanmış saziş çərçivəsində atılıb.
Dekabrın 16-da Milli Məclisdə “Siyasi partiyalar haqqında” Qanun layihəsi III oxunuşda qəbul edilib. AXCP sədrinin müavini Seymur Həzi Meydan TV-yə deyib ki, yeni qanun yalnız siyasi partiyalara qarşı yönəlmiş addım deyil:
“Bu, kompleks siyasət, o deməkdir ki, hökumət demokratik mühiti məhv edəcək, hətta demokratiya barədə düşünmək qadağan olunacaq”.
Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü Milli Məclisin qəbul etdiyi qanunu müsbət dəyərləndirib. Elxan Şükürlü hesab edir ki, yeni qanun siyasi sektordakı nizamsızlığı, hərc-mərcliyi aradan qaldırmaq istiqamətində mühüm addım olacaq.
Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli isə yeni qanunu mənfi qiymətləndirib.
O deyir ki, yalnız siyasi partiyalardan söhbət getmir, ölkədə bir çox sahələrdə ən mütərəqqi qanun layihələri qəbul edilib, amma müsbətə doğru heç nə dəyişməyib.
Milli Məclisin dekabrın 16-da keçirilən iclasında deputat, parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc sabiq baş prokuror Zakir Qaralovu “Tərtər işi”nə görə ittiham edib. Deputat Hərbi Prokurorluğun ləğv olunmasını istəyib.
Zahid Oruc “Tərtər işi”ndəki saxta ittihamnamələrin araşdırılmadığını deyib: “Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı. Sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov da bircə dəfə o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı”.
Dekabrın 17-də Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevə müraciət edib.
O, Venesiya Komissiyasının rəyinə qədər “Siyasi partiyalar haqqında” qanunu təsdiqləməməyi xahiş edir.
Dekabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrov haqqında Azərbaycanda cinayət işi başlanıb. Baş Prokurorluq onun barəsində qiyabi həbs qərarı çıxarılıb, İnterpol xəttilə beynəlxalq axtarışa verilib.
Səbəb Mixail Aleksandrovun dekabrın 13-də audiomüraciətində Azərbaycanın bütün neft sənayesi, enerji sistemi, raketlərlə bombalanmasını, tamamilə məhv edilməsini deməsidir.
Dekabrın 19-da ictimai fəal Bəxtiyar Hacıyevin həbsdə aclıq etdiyinə görə saxlandığı Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qaldığı bildirilir.
Bu barədə Meydan TV-yə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verərək deyib ki, hazırda Bəxtiyar Hacıyevin həyatı və sağlamlığı təhlükə altındadır.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyilənləri təkzib edib. Onun sözlərinə görə, Bəxtiyar Hacıyev hazırda aclıq aksiyası da keçirmir.
Dekabrın 20-də Polşanın Przemysl Məhkəməsinin qərarı ilə Qubadlının keçmiş icra başçısı, Azərbaycan tərəfindən “İnterpol” xətti ilə axtarışa verilən Elxan Nuriyev azad olunub. Elxan Nuriyev oktyabrın 2-də Polşada saxlanılıb. Azərbaycan Baş Prokurorluğun yaydığı məlumatda Elxan Nuriyevi qəsdən adam öldürməkdə ittiham olunurdu.
Dekabrın 21-də Azərbaycan Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib. Səbəb kimi işğaldan azad edilən ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulması göstərilib. Bildirilib ki, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair bir sıra sübutlar təqdim edib.
Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
O, 1995-ci ildən Naxçıvan Ali Məclsinin sədri idi.
Dekabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanı tibbi yardıma ehtiyacı olan ağır xəstələrin Laçın dəhlizi ilə Ermənistana daşınmasını təmin etmək üçün bütün lazımi və yetərli tədbirləri görməyə çağırıb. Azərbaycan da rəsmi Yerevanı Laçın rayonunda azərbaycanlıların sərvətini məhv etməkdə ittiham edərək Ermənistana qarşı AİHM-ə iddia qaldırıb.
Dekabrın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini verdiyini bildirib. O, bu təkliflərə Azərbaycanın da reaksiyasının müsbət olacağına ümid etdiyini söyləyib.
Dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin ounub.
Fuad Nəcəfli “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının üzvü olub, həmçinin “Pasha Holding”də də çalışıb.
47 yaşlı Fuad Nəcəfli əslən Naxçıvan MR-in Şahbuz rayonunun Kolanı kəndindəndir. Elə həmin İlham Əliyev Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.
Dekabrın 23-də Bakıda “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı həbs edilən ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib. Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu həbs olunaraq 30 sutka inzibati cəza alıb.
Dekabrın 23-də Bakı Apelyasiya Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə şikayətə baxılıb. Hakim Qədim Babayevin sədrliyilə keçirilən məhkəmə prosesində şikayət təmin edilməyib.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa dekabrın 23-də Milli Məclisdə keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovun mühakimə edilməsi tələbini səsləndirib.
“Bizdə deyirlər ki, gedənin arxasından danışmaq olmaz, amma bu vacibdir. Hüquq-mühafizə orqanları açıq-aşkar keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovu mühakimə etməlidirlər”, – deyə deputat bildirib.
Dekabrın 23-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri görüşüblər. Ermənistanın xarici işlər naizri Ararat Mirzoyan Moskva görüşünə qatılmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ararat Mirzoyanın Moskvaya gəlməməsindən təəssüflənib: “Ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina ediblər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi”.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2022-ci ilin oktyabrın 2-də sülh prosesi ilə bağlı ilk dəfə Cenevrədə görüşüblər.
Noyabrın 7-də isə Vaşinqtonda nazirlərin ikinci görüşü olub.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 26-da İctimai Televiziyanın efirində deyib ki, strateji müttəfiqləri Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir: “Biz bunu ilk dəfə yüksək səviyyədə bildiririk”.
Armen Qriqoryan 13 sentyabr əməliyyatının Rusiyanın təzyiqi çərçivəsində olduğu qənaətindədir.
Rusiya Prezidentinin mətbuat katibi D.Peskov A.Qriqoryann açıqlamasını təxribat adlandırıb.
“Hazırda əsas və ən aktual məsələ Laçın dəhlizindəki böhrandır”.
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 27-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Laçın dəhlizi 20 günə yaxındır ki, bağlıdır. Bu, Dağlıq Qarabağdakı rus sülhməramlılarının məsuliyyət sahəsidir. Üçtərəfli bəyanata görə, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin, yüklərin, insanların maneəsiz keçidinə zəmanət verir”, – deyə Paşinyan bildirib.
V.Putin N.Paşinyana konkret cavab verməyib:
“Dünən üçümüz də danışa bildik. Təbii ki, əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması və Ermənistan-Azərbaycan münasibətləri, Qarabağla bağlı hər şeydir”.
Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir.
Nazir Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflərini Moskva görüşündən əvvəl açıqladığını deyib.
O, Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndinin qaytarılmalı olduğunu bildirib.
Qarabağın statusuna gəlincə, Ceyhun Bayramov vurğulayıb ki, Rusiya tərəfi Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi, bu, sirr deyil.
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev sosial media hesablarının ələ keçirilməsi, oradakı şəxsi yazışmalar və səs yazılarının yayılması ilə bağlı dekabrın 28-də müraciət yayıb.
B.Hacıyev hökumətin onunla 2019-cu ilin əvvəlində əlaqə qurduğunu bildirib:
“Əvvəllər həm mətbuatda, həm də sosial şəbəkələrdə dəfələrlə açıqladığım kimi, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin təşəbbüsü ilə mənimlə əlaqə qurulub. Mənə bildirilib ki, İlham Əliyev islahatlara başlayacaq. Bu prosesdə mənim də yeni komandada hər hansı bir qurumda təmsil olunmağımı istədiyini bildirib. Danışıqların aparılması fövqəladə hallar naziri Kəmaləddin Heydərova həvalə olundu. Onunla dəfələrlə görüşlərimiz olub. Bu müddətdə məndən öncəki ictimai-siyasi problemlər və onların həll yolları barədə təkliflər istəyiblər. Daha sonra prezidentlə kommunikasiyanı DTX rəisi Əli Nağıyevə həvalə ediblər. Hər iki halda da mənim şərtlərim yeni yaranacaq, şəffaf, ictimai faydası olan rəsmi təyinat olub“.
Bəxtiyar Hacıyev bildirib ki, bu proses uzandığına, nəticəsiz qaldığına görə öz təşəbbüsü ilə danışıqları dayandırıb.
Fəal açıqlamasında qeyd edib ki, ona verilən məlumat əsasında paylaşılan yazışmalarda real hissələr olduğu kimi onu nüfuzdan salmaq, ayrı-ayrı şəxslərlə konflikt yaratmaq üçün xeyli saxta əlavələr də edilib.
Dekabrın 28-də “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, iki ildir həbsdə olan Rasim Məmmədovun məhkəməsi yekunlaşıb.
Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə çıxarılan hökmə əsasən, o, 14 il azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülmüşdü.
Dekabrın 28-də Azərbaycan Fransaya növbəti dəfə nota verib. Notaya səbəb sağ və sol təmayüllü yüzdən çox Fransalı parlamentarisinin “Le Monde” qəzeti vasitəsilə Prezident Emmanuel Makrona məktub ünvanlamalarıdır. Onlar Makrondan Ermənistan və Qarabağ ətrafında cərəyan edən proseslərə müdaxilə etməsini istəyiblər.
Dekabrın 28-də Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.
Polkovnik Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi olub. Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad olunub.
“Base Metals” şirkəti ekspertiza başa çatana qədər “Dəmirli” mis-molibden yatağında fəaliyyətini müvəqqəti dayandırıb.
“Dağlıq Qarabağ rəhbərliyi BMT-nin müvafiq strukturlarına və digər beynəlxalq təşkilatlara qısa müddətdə ərazidə ekspertiza aparmaq üçün müraciət edib”, – deyə bildirilib.
”Base Metals” QSC 7 avqust 2002-ci ildə təsis edilmiş və Qarabağda fəaliyyət göstərən “Vallex” şirkətlər qrupuna daxildir.
Dekabrın 29-da həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.
B.Hacıyev dekabrın 15-dən aclıq aksiyası keçirirdi.
Bu barədə Meydan TV-yə danışan onun vəkili Aqil Layıc bildirib ki, müvəkkili ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq, aclığı dayandırmağa qərar verib.
Naxçıvan Muxtar Respublikası (MR) prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin sözçüsü Kənan Zeynalov Meydan TV-yə bildirib ki, Məhərrəm Talıbov öz ərizəsi əsasında işdən azad edilib və hələlik yerinə təyinat olmayıb.
Məhərrəm Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.
Bir gün sonra Naxçıvan Muxtar Respublikasının Baş prokurorunun müavini vəzifəsindən azad edilən Məhərrəm Talıbovun yerinə təyinat olub. Azərbaycanın Baş prokuroru Kamran Əliyevin əmrinə əsasən, Sənan Paşayev Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub. Sənan Paşayev Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışırdı.
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 29-da hökumətin iclasında Rusiyanın sülhməramlı kontingentini Laçın dəhlizi ilə bağlı vəziyyətə dəqiq aydınlıq gətirməyə çağırıb.
“Rusiya obyektiv və ya subyektiv səbəblərdən Dağlıq Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurası sülhməramlı kontingentin BMT mandatı alması və ya Dağlıq Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi təşəbbüsünü irəli sürməlidir”, – Baş nazir belə deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nikol Paşinyanın çıxışını qəbuledilməz adlandırıb: “Rusiya Laçın dəhlizindəki vəziyyət kontekstində sülhməramlı kontingentinin tənqidini qəbuledilməz sayır və vəziyyəti yaxşılaşdırmağa çalışır”.
“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti daha üç ay artırılıb.
Binəqədi Rayon Məhkəməsi dekabrın 29-da buna qərar verib.
Məhkəmə prokurorun bu barədə təqdimatını təmin edib.
Jurnalistin vəkili Fəxrəddin Mehdiyev Meydan TV-yə bildirib ki, bu qərarı əsassız hesab edirlər və apelyasiya şikayəti verəcəklər.
Dekabrın 30-da Vahid Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilib.
2022-ci ilin mayın 4-də Vahid Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.
(function(d, s, id){ var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/az/sdk.js#xfbml=1&version=v3.2”; fjs.parentNode.insertBefore(js, fjs); }(document, ‘script’, ‘facebook-jssdk’));
Վերջին նորություններ