Siyasi qətllər: Onların çoxu Əliyevlərin hakimiyyəti dövründə baş verib – Xeberler | En Son Xeberler | Son Xeberler

Səs-küylü qətllərin əksəriyyətinin üstü açılmayıb

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə çoxsaylı siyası qətllər törədilib.
Xüsusilə 90-cı illər siyasi həbslər, çevrilişlər, hakimiyyət dəyişiklikləri, müharibə ilə yadda qaldığı kimi, həm də siyasi qətllərlə yaddaşlarda iz buraxıb. Bu qətllərin böyük hissəsi Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Ancaq nə həmin dövrdə, nə də oğul Əliyevin prezidentliyi illərində baş verən bu siyasi qətllərin üstü açılıb.

Xanbabayevin ölümü ilə başlayan qətllər…

Azərbaycanda bu dövrün ilk səs-küylü siyasi qətli 1990-cı il mayın 30-da baş verib – Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “Azərnəşr”in direktoru, jurnalist Əjdər Xanbabayev şəxsi avtomobilində güllələnib. Əjdər Xanbabayev “Semaşko” adına xəstəxanaya çatdırılsa da, xilas etmək mümkün olmayıb.

Zaman-zaman onun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilib. Azərbaycanın Ukraynadakı keçmiş səfiri, sabiq deputat və yazıçı-publisist Elmira Axundova onun ölümü ilə bağlı kitabında yazırdı:

“Əjdər Xanbabayevi, Əliyevi qorxutmaq və onun Bakıya gəlişinin qarşısını almaq üçün qətlə yetiriblər. Məhz Xanbabayev 1990-cı il iyunun 1-də Heydər Əliyevin paytaxta gəlişini hazırlayır və onun, hakimiyyət məsələsinin həll olunduğu Respublika Kommunist Partiyasının XXXII qurultayında iştirakında təkid edirdi. Əgər Əliyev o qurultayda iştirak edərdisə (o isə Naxçıvandan deputat seçilmişdi), ola bilər ki, “köhnə qvardiya” Mütəllibovu deyil, məhz Əliyevi Mərkəzi Komitənin birinci katibi seçəcəkdi. O zaman Azərbaycanın ən müasir tarixi fərqli cür inkişaf edərdi”, – 1992-ci il noyabrın 2-də Heydər Əliyev Naxçıvan MR-in Ali Məclisinin sədri olarkən çıxışında bildirmişdi – “Xanbabayevi, məni qorxutmaq və Azərbaycana gəlişimə mane olmaq üçün qətlə yetirdilər”.

Cinayətdən bir gün sonra Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Lakin cinayət işinin materiallarına əsasən, prokurorluq çoxsaylı versiya arasından “məişət” mövzusunun – yəni qisas, yaxud qısqanclıq zəminində qətl versiyası üzərində dayanıb.
1991-ci il yanvarın 30-da Bakı Şəhər Prokurorluğunun böyük müstəntiqi Q.Əlixanov ilkin istintaqın dayandırıldığını bildirib:

“Cinayəti törətmiş şəxsin müəyyən edilməməsi səbəbindən 44808 saylı cinayət işi üzrə ilkin istintaq dayandırılsın”.

Heydər Əliyev iqtidara gələndən sonra işin üstü açılıb. 1995-ci il mayın 18-də istintaq qrupu yaradılıb. İstintaq qrupu müəyyən edib ki, mayın 30-da o dönəmin Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) şefi Vaqif Hüseynova H.Əliyevin gəlişi haqqında məlumatlar təqdim olunur. Həmin gün Xanbabayevin izlənməsi gücləndirilir. Lakin istintaq materiallarından aydın olur ki, daxili normativ təlimatlarının tələblərinə zidd olaraq, DTK sədri heç bir xidməti araşdırma aparmır.

Bundan başqa, Ə.Xanbabayevin qətlindən sonra bu cinayətin açılması ilə bağlı yardım göstərilməsinə dair Daxili İşlər Nazirliyindən komitəyə məktub daxil olsa da, V.Hüseynov heç bir tədbir görmür. 1996-cı il yanvarın 17-də böyük müstəntiq A.Əhmədov DTK-nın keçmiş sədri V.Hüseynov barəsində axtarış elan edilməsi barədə qərar qəbul edir və onun həbsinə sanksiya verir. V.Hüseynovun Rusiya ərazisində gizləndi müəyyənləşdirilir. Bu məqsədlə Rusiya prokurorluğuna sorğular göndərilir. Bundan əlavə, 1995-ci il noyabrın 5-də Milli Məclisin üzvü S.Babayevin deputat toxunulmazlığını ləğv edir. İstintaqın versiyasına görə, A.Xanbabayevin qətlə yetirilməsini T.Quliyevə məhz o sifariş veribmiş. Lakin S.Babayev ağır xəstələnir. Elə həmin il noyabrın 5-də o həbs edilir. O, öz günahını etiraf etmədən, həbsxana xəstəxanasında vəfat edir. Qətli icra edən T.Quliyev isə ən ağır cəzaya – güllələnməyə məhkum edilir.

Mikayıl Gözəlovla Eldar Bağırovun müəmmalı qətli

1991-ci ilin dekabrında isə müstəqilliyini yenicə elan edən Azərbaycanda ilk vəzifəli şəxs siyasi qətlin qurbanı olur. Şuşa rayonunun icra başçısı Mikayıl Gözəlov öz kabinetində güllələnir. Mikayıl Gözəlov 1988-ci ildə Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilir. 90-cı illərdə alovlanan Dağlıq Qarabağ münaqişəsi zamanı Şuşanın ermənilər yaşayan kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edir. O, Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olub.

Ayaz Mütəllibovun fərmanına əsasən, Mikayıl Gözəlov Şuşa rayonunun icra başçısı vəzifəsinə təyin olunur. İcra başçısı olduğu müddətdə Xankəndidən qovulan əhali üçün Şuşada qəsəbə salır, şəhərin müdafiəsində iştirak edən 816 saylı taborun qurucularından olur. Həmin ildə Mikayıl Gözəlovun da olduğu helikopter Şuşa səmasında vurulur, lakin o yaralanaraq sağ qalır.

1991-ci ilin sonlarında erməni silahlı birləşmələrinin Şuşaya hücumları artır, şəhər fasiləsiz olaraq atəşə tutulur. Həmin il dekabrın 11-də Mikayıl Gözəlov öz kabinetində TTY maşınının sürücüsü tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilir. Bundan sonra Şuşanın işğalına aparan yol sürətlənir. Hadisədə təqsirləndirilən şəxs məhkəmədə qətlin səbəbini demir. Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən E.İbrahimov 2019-cu ildə həbsxanada vəfat edir. Qətlin hansı məqsədlə törədildiyi bu gün də məlum deyil.

Həmin ilin dekabrında ölkə daha bir qətllə çalxalanır. Ali Sovetin deputatı, Azərbaycan Xalq Cəbhəsinin Ağdam Rayon Şöbəsinin sədri Eldar Bağırov Ali Sovetin iclasından qayıdarkən bacısının yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilir. Eldar Bağırov 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən qovulan azərbaycanlıların yerləşdirilməsi, Ağdamın ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu olan və Ağdamda şöhrət qazanan bir isim idi. Qətlin kimlər tərəfindən hansı məqsədlə törədildiyi bu gün də məlum deyil.

Eldar Bağırov həm də il ərzində qətlə yetirilən üçüncü Ali Sovet deputatı idi (digər ikisi müəmmalı hadisələr hissəsində).

Zabit qətlləri

1992-ci il hər nə qədər Azərbaycan üçün hakimiyyət dəyişiklikləri ilə yadda qalsa da, ölkədə siyasi qətllər baş vermədi.

1993-cü ilin əvvəlindən isə ard-arda zabitlərin qətli həyata keçirildi. Yanvarın 2-də Daxili İşlər Nazirliyinin şöbə rəisi Ələkbər Əsgərov qətlə yetirilir. Aprelin 26-da Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi, kontr-admiral Eduard Hüseynov yaşadığı binanın blokunda qətlə yetirilir. 2000-ci ildə Baş Prokurorluq rəsmi məlumatında hər iki qətlin ləğv edilən Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsi (OM(P)ON) tərəfindən törədildiyini bildirdi. Qətlin “hakimiyyət uğrunda mübarizə” naminə törədildiyi guman edilir.

Qatır Məmmədin müəmmalı ölümü

Həmin ilin noyabrında həm də Bakı Şəhər 1 nömrəli Mərkəzi Bazarın direktoru Ənvər Məmmədov öldürüldü. Qətlin hansı səbəbdən törədildiyi bugünədək məlum deyil.

1993-cü ilin ən səs-küylü hadisəsi isə Qatır Məmməd ləqəbli Yaqub Rzayevin həbsxanada müəmmalı şəraitdə ölümü oldu. 90-cı illərin tanınan isimlərindən biri – Hacı Əbdül illər sonra verdiyi müsahibələrin birində bildirmişdi ki, həbsdə olduğu günlərdə Yaqub Rzayevlə söhbətləşmişdi və o, Qarankənd faciəsində AXC və Tamerlan Qarayevin rolunun olduğunu bildirmişdi.

Qatır Məmməd əslən Ağdamdan idi və Dağlıq Qarabağ münaqişəsinin alovlandığı ilk günlərdən müharibədə iştirak edirdi. Batalyon komandiri olan Qatır Məmməd həm də Xocalı faciəsinin baş verdiyi günlərdə hadisələrin episentrində idi.
O, 1992-ci ilin noyabrında Bakıya çağırılır və həbs edilir. Ölümü ilə bağlı müxtəlif verisiyalar səslənsə də, ölümünün dəqiq səbəbi məlum deyil.

Siyasi qətllərin miqyası böyüyür

1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra siyasi motivli qətllərin miqyası böyüdü. 1994-cü il sentyabrın 29-da ölkə gündəmi paralel şəkildə törədilən iki sui-qəsd xəbəri ilə çalxalandı. Səhər saatlarında Azərbaycan Ali Soveti sədrinin müavini, prezidentin müşaviri Afiyəddin Cəlilov yaşadığı binanın blokunda öldürüldü. Bir müddət sonra isə Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetirildi. Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun qətli ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilsə də, qətlin dəqiq səbəbi məlum deyil. Hadisədən bir gün sonra OMON komandiri Rövşən Cavadovun qardaşı Mahir Cavadovun cangüdəni Fazil Famil oğlu Muxtarov həbs edildi. F.Muxtarov 11 il həbsxanada saxlandıqdan sonra 2005-ci ilin martında İlham Əliyev tərəfindən əfv edildi.

1995-ci il də ölkədə siyasi qətllə yadda qaldı. İyunda Şahmərdan Cəfərov qətlə yetirildi. Şahmərdan Cəfərov Ali Sovetin deputatı, Sərhəd Qoşunları İdarəsinin Naxçıvan Sərhəd Dəstəsinin (indiki Naxçıvan Əlahiddə Sərhəd Diviziyası) keçmiş komandiri idi. Ölümündən üç həftə əvvəl Cəfərov barədə cinayət işi başlanmışdı və mayın 30-da onun deputatlıq toxunulmazlığı ləğv olunmuşdu.

O, iyunun 17-də Kələkidən — eks-prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən Culfa rayonu yaxınlığında yolda güllələnir. Bundan sonra güllə atan şəxslər hadisə yerini tərk edir, müəyyən müddət sonra hadisə yerində yaralı qalan Şahmərdan xəstəxanaya aparılır. Cəfərov iyunun 26-da xəstəxanadan çıxarılaraq Bakıya — Şüvəlandakı istintaq təcridxanasına köçürülür. Qardaşı Hüseynqulu Cəfərov oradakı dustaqların sözlərinə əsaslanaraq, Şahmərdana iyunun 26-dan 29-na qədər işgəncələr verildiyini, iyunun 29-u yük maşınında xəstəxanaya aparmaq adı ilə şəhərdə gəzdirildiyini deyir. İyunun 29-da axşam (“Amnesty International”a əsasən iyunun 29-dan 30-na keçən gecə) dustaqlar üçün nəzərdə tutulan hospitalda aldığı xəsarətlərdən vəfat edir.

1996-cı ilin fevralında Milli Məclisin deputatı Əli Ansuxski siyasi qətlin hədəfi oldu. Əli Ansuxski Bakının mərkəzində – Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilib. Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyətilə tanınmışdı. Qətlin motivlərinin bununla bağlı olduğu bildirilirsə də, hadisənin dəqiq səbəbi bu günədək məlum deyil.

Alim, ekstrasens, kriminalist ölümü…

1997-ci ildə müstəqil Azərbaycanın ən səs-küylü qətli törədildi. Həmin ilin fevralında Sovet İittifaqı Qəhrəmanı, şərqşünas, akademik Ziya Bünyadov yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirildi. Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratdı. Prezidenti Heydər Əliyev bunu “Azərbaycan xalqı və elmi üçün böyük itki” adlandırdı.

Aparılan istintaq işinin nəticəsinə görə, cinayəti törətməkdə “Hizbullah” və “Ceyşullah” təşkilatlarına bağlı 7 nəfər təqsirkar hesab edildi. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olundu və Azərbaycan–İran sərhədində öldürüldüyü bildirildi.

Azərbaycan hüquq-mühafizə orqanlarının iddiasına görə, Ziya Bünyadov “Albaniya tarixi” kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir edib, bu səbəbdən də İran müştəhidləri onun ölümünə fətva verib. Buna baxmayaraq, ictimaiyyətdə Ziya Bünyadovun qətli ilə əlaqədar çoxlu iddialar yayılmışdı. İddialara görə, Ziya Bünyadovun qətlinin səbəbi onun Murtuz Ələsgərovun Milli Məclisin spikeri təyin edilməsinə münasibəti, Milli Ordunu, hökuməti, hətta Prezident Heydər Əliyevi onlarla əlaqədar korrupsiya hallarını ifşa edəcək sənədləri yayımlamaqla hədələməsi idi. Bu qətlə görə həbs olunanların əslində, günahsız olması, cinayətin əslində, Daxili İşlər Nazirliyinin əməkdaşlarının, o cümlədən keçmiş polis polkovnik-leytenantı Hacı Məmmədovun dəstəsi tərəfindən törədilməsilə bağlı da iddialar vardı.

1999-cu ildə ölkədə növbəti siyasi qətl baş verdi. Yanvarın 14-də Azərbaycanda Xalq Biliciləri və Ekstrasensləri İttifaqının, Parapsixoligiya və İlahiyyat İnstitutunun yaradıcısı, ekstrasens Etibar Erkin (Məmmədəliyev) və iki oğlu Bayıl qəsəbəsində yerləşən evində qətlə yetirildi. Ehtimal olunurdu ki, E.Erkinin qətlinin əsas səbəbi onun görücülük qabiliyyəti və güclü parapsixoloq olmasıyla bağlıdır. Ancaq mərhumun yaxınları bu versiyanı inandırıcı saymırdılar.

Vaxtilə E.Erkinin öldürülməsinin üstünü açmağa yaxın olan tanınmış kriminalist Rövşən Əliyevin qətlindən sonra bu barədə danışmaq çoxu üçün təhlükə mənbəyi kimi görünür. Ekstrasensin qətlinin “Ceyşullah” qruplaşması tərəfindən həyata keçirilməsi versiyası da ortaya atılıb. O zaman belə məlumatlar vardı idi ki, Etibar Erkini öldürən “Ceyşullah” dini təşkilatının üzvü ekstrasensi guya şeytani əməllərlə məşğul olduğu üçün öldürdüyünü elan edib. Həmin şəxs hazırda ömürlük həbsdədir və əfv olunmaq üçün bir neçə dəfə müraciət edib.

Hazırda Azərbaycan həbsxanalarında “Ceyşullah”ın üzvü olan xeyli məhbusun cəza çəkdiyi bildirilir.

Daha sonra E.Erkinin qətlində Hacı Məmmədov qrupunun əli olması ilə bağlı versiyalar ortaya çıxsa da, bu günə qədər digər müəmmalı qətllərdə olduğu kimi bu işin də istintaqı ilə bağlı şübhələr qalır. Bu gün də ekstrasensin gerçək qatillərinin kimliyi sual altındadır. Keçmiş polis zabiti, akademik Ziya Bünyadovun qətlini araşdıran istintaq qrupunun üzvü Salman Əliyev ekstrasensin qətli işini Hacı Məmmədovla bağlayıb.

2000-ci ildə ölkə daha bir səhəri siyasi qətl xəbərilə açdı. Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Azər İsmayılov qətlə yetirildi. Azər İsmayılov iyunun 21-də gündüz şəxsi avtomobili ilə “Ramstor” ticarət mərkəzinə gedərkən yoxa çıxıb. Yalnız bir neçə il sonra ifşa olunan Hacı Məmmədov bu qətli də özünün törətdiyini və bundan peşman olmadığını etiraf edib. O bildirmişdi ki, bu hadisəni şəxsi zəmində qisas almaq məqsədilə törədib.

2002-ci ilin martında Baş prokurorun keçmiş müavini, Baş Prokurorluğun ağır cinayətlərə dair istintaq idarəsinin rəis müavini, bu qurumun kriminalistika şöbəsini rəisi Rövşən Əliyev qətlə yetirildi. Onun qətlinin əsl səbəbi dəqiq məlum olmasa da, cinayəti törətməkdə təqsirli bilinən DİN-in keçmiş polkovniki Hacı Məmmədov onu öldürməsini icraatındakı adam oğurluqlarına dair cinayət işlərilə əlaqələndirmişdi. Hacı Məmmədov və Rövşən Əliyev dost olmuşdular, hətta ailəvi gediş-gəlişləri olmuşdu. Rövşən Əliyev qətlə yetiriləndən sonra Hacə Məmmədov gedib onun hüzr məclislərində də iştirak etmişdi.

Hacı Məmmədov ifadələrindən birində demişdi ki, Rövşən Əliyev onun törətdiyi adam oğurluqlarını araşdırırdı. Həmin hadisələrlə bağlı cinayət işləri onun icraatında idi və ondan şübhələnmişdi. Hətta Hacı Məmmədov Rövşən Əliyevin ondan pul tələb etdiyini də iddia eləmişdi.

Fətulla Hüseynovun qətli

2003-cü ildə atasından sonra hakimiyyətə gələn İlham Əliyev dönəminin ilk illərində də ölkədə səs-küylü siyasi qətllər törədildi. Bunlardan ən birincisi 2004-cü ilin iyununda oldu.

Polkovnik Fətulla Hüseynov 14 iyunda yaşadığı binanın qarşısında öldürüldü. Onu da Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia olunur. Hacı Məmmədov bu cinayəti üzərinə götürmüş, məhkəmədə demişdi ki, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovu onun oğlu ilə özünün bacısı oğlu arasındakı mübahisə və problemlər üzündən qisas məqsədilə qətlə yetirdiyini bildirmişdi.

Elmar Hüseynov yazılarının qurbanı oldu

2005-ci ilin martında isə ölkənin tanınmış jurnalistlərindən Elmar Hüseynov öldürüldü. “Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov kəskin araşdırmaları ilə tanınan, hakimiyyəti sərt tənqid edən jurnalist idi. Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist, 2005-ci il martın 2-də, saat 21 radələrində, işdən evə qayıdarkən yaşadığı Bakı şəhəri, Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılmış atəş nəticəsində həyatını itirib.

Hüseynova yeddi güllə atılıb. Ekspertizanın nəticələrinə görə, yeddi güllədən biri havaya atılıb, ikisi bədəninə sürtülərək yan keçib, dörd güllə isə bədəninin müxtəlif nahiyələrinə dəyib. İki güllə Elmarın qarnına, biri ürəyinə, biri isə ağzına vurulub. Ürəyinə dəyən güllə Hüseynovun həyatına son qoyub. Hadisə yerindən təxminən 150 metr aralıda səsboğucusu olan “PSM” markalı tapança tapılıb. Ekspertiza güllələrin məhz tapılan “PSM” markalı tapançadan atıldığını müəyyən edib.

Elmar Hüseynovun atası Sabir Hüseynov və xanımı Rüşanə Hüseynova hadisədən az əvvəl işıqlarının, qətldən sonra isə mobil və şəhər telefonlarının kəsildiyini bildiriblər.

2005-ci il mayın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə məlumat verib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı olan Tahir Xubanovun iştirakı müəyyənləşib. Bəyanatda o da bildirilib ki, Tahir Xubanov hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub. 2005-ci ilin mayında rəsmi Bakı Gürcüstan hakimiyyətinə müraciət edərək şübhəli bilinənlərin verilməsini tələb edib. Lakin 28 iyul 2005-ci ildə Gürcüstan Baş Prokurorluğu Tahir Xubanov və Teymuraz Əliyevi Azərbaycana təhvil verməkdən imtina edib. Tbilisi Bakıdan cinayət işinin materiallarını istəyib və təqsirləri təsdiqini taparsa, şübhəli şəxslərin saxlanılacağını və Gürcüstanda məhkəməyə çıxarılacağını bildirib. Rəsmi Bakı buna cavab verməyib. 26 iyul 2005-ci ildə Bakının Nizami rayon Məhkəməsi Tahir Xubanov və Teymuraz Əliyev üçün mobil telefon və nömrə almaqda təqsirli bilinən Turqay Bayramovu 2 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bayramov cəzasını çəkdikdən sonra azadlığa çıxıb. 25 iyul 2006-cı ildə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin əməliyyat müvəkkili olmuş Hacı Məmmədov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib.

O, jurnalist Elmar Hüseynovu keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişilə öldürdüyünü açıqlayıb. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Rail Rzayevin ölümü

Azərbaycanda növbəti siyasi qətl 2009-cu il fevralın 11-də törədildi. Bu dəfə hədəf Müdafiə nazirinin müavini – Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Rail Rzayev idi.

İstintaq materiallarına görə, Rail Rzayev 2009-cu il fevral ayının 11-də naməlum qatil tərəfindən öldürülüb. Hadisə baş verəndən bir müddət sonra Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla, daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z.Qaralov onların həbs olunduqlarını deyib. Baş prokuror həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.
2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il azadlıqdan məhrum ediliblər. Üstündən 10 ildən çox zaman keçsə də, qətlin dəqiq hansı səbəbdən və kimin sifarişilə törədildiyi məlum deyil.

Rafiq Tağının müəmmalı ölümü

Müasir Azərbaycan tarixində sonuncu siyasi qətl yazıçı-filosof Rafiq Tağıya qarşı törədilib. 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırıb. O, hücumun oğurluq motivli olduğuna inanmadığını, “İran və qloballaşma qaçınılmazlığı” məqaləsi ilə bağlı ola biləcəyini qeyd edib.

Yazıçının 2006-cı ildə “Sənət” qəzetində çıxan “Avropa və biz” məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fətvası vermişdi. Rafiq Tağının qətlindən sonra da Fazil Lənkəraninin oğlu ayətullah Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq, qatil barəsində “İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını” yazmışdı.

Həmin dövrdə jurnalist Elnur Məcidli isə Rafiq Tağının Azərbaycan hakimiyyətini tənqid edən yazılarına görə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən öldürüldüyünü iddia edirdi. Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakıda hazırkı Kliniki Tibbi Mərkəzdə (keçmiş “Semaşko”) vəfat edib.



Վերջին նորություններ

Bənzər məqalələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button