Torontoda Azərbaycan Evində dünyaşöhrətli alimlə görüş keçirilib – Xeberler | En Son Xeberler | Son Xeberler

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evində dünyaşöhrətli alim, Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı və “Fields İnstitute Fellows” ömürlük mükafatını alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyevlə görüş keçirilib.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan görüşdə elm xadimləri, Azərbaycan icmasının nümayəndələri və vaxtilə ölkəmizdə yaşamış yəhudilər iştirak ediblər.

Tədbirdə öncə Diasporla İş üzrə Dövlət Komitəsinin Məsud Əfəndiyev haqqında çəkdiyi videoçarx nümayiş etdirilib və Fields İnstitutunun “Fields İnstitute Fellows” ömürlük mükafatı barədə məlumat verilib. Dünyaşöhrətli elm xadimi, Nobel mükafatı laureatı Əziz Sancarın azərbaycanlı həmkarları Lütfü Zadə və Məsud Əfəndiyev barədə fikirlərinə diqqət cəlb edilib.

Görüşün moderatoru York Universitetinin professoru Ulduz Rəhimov dünyada “Dean`s Distinguished Professor” (Dekanın görkəmli professoru) statusunu daşıyan azsaylı riyaziyyatçı alimlərdən biri olan Məsud Əfəndiyevin elmi fəaliyyətindən danışıb və onu “hər bir azərbaycanlının qürur mənbəyi” adlandırıb.

Görüşün təşkil olunmasına görə Azərbaycan Evinə minnətdarlığını bildirən Məsud Əfəndiyev bu tədbiri diasporumuzun monolitliyinin göstəricisi kimi dəyərləndirib. Alim kimi yüksək zirvələrə çatmasında valideynlərinin, ailə üzvlərinin və elmi mühitin rolundan, Kanadaya gəlişinin məqsədindən və Fields İnstitutunun “Fields İnstitute Fellows” ömürlük mükafatının ona təqdim olunması səbəbindən danışıb.

Azərbaycançılıq ideologiyası və onun Kanadada rolu, xaricdə yaşayan övladlarımızın milli mənsubiyyət və inteqrasiya məsələləri, Diasporla İş üzrə Dövlət Komitəsinin son illərdəki nailiyyətləri, Dünya Azərbaycanlı Alimlərin I Forumunda iştirak qaydaları kimi mövzulara toxunub.

3 saatdan çox çəkən maraqlı görüş sualların cavablandırılması, fikir mübadiləsinin aparılması və xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

Mənbə:Report



Վերջին նորություններ

Bənzər məqalələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button