Həbslər, polis şiddəti, şikayətlər, aclıq aksiyaları, etirazlar

Azərbaycanda yazılan qanunların kölgəsində pozulan hüquqlar

BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, dekabrın 10-u İnsan Hüquqları Günü kimi qeyd edilir.

Həmin gün diqqət dünyada insanların hüquqlarına yönlənir. Gəlin, üzümüzü Azərbaycana çevirək – görək bu il ərzində ölkədə kimlərin hüquqları pozulub, insanların başına nə gəlib? Barələrində məlumat verəcəklərimiz tamda zərrədir, bütünlükdə ölkədə hər gün minlərlə insanın hüququ pozulur.

Saytların yığılması
Tofiq Yaqublu. Foto: Meydan TV

İlin əvvəlində Milli Şuranın və Müsavat Partiyasının üzvü, 30 sutka həbsə atılan Tofiq Yaqublu aclıq aksiyasına başladı. Səbəb haqsız yerə cəzalandırılması idi. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinmişdi. Özü isə bu həbsi qanunsuz sayır, əsl səbəbinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.
Onun aksiyasına sonradan həyat yoldaşı Maya Yaqublu da qoşuldu.

Problemdən danışan müəlliməyə töhmət verildi

İmişli rayonu Aranlı kənd tam orta məktəbində ayaqyolunun olmamasına etiraz edən ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya problemi işıqlandırdığı üçün bir neçə müddət sonra məktəb rəhbərliyi töhmət verdi. Əsas kimi dərsdən qalması göstərilib.

Leyla Nəcəfquliyeva. Foto: screenshot

Daha sonra həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Vəkili Aqil Layıc bildirib ki, ona qarşı əvvəl Cinayət Məcəlləsinin 221-ci maddəsilə ittiham verilmişdi, sonradan bu ittiham (221.1) indi isə Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddəsinə tövsif olunub.
Əvvəlki maddədə alternativ cəzalarla yanaşı, maksimum 1 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdusa, indiki maddədə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Almaniyadan deportasiya olunanlar

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs edilən siyasi fəal Cəfər Mirzəyevə hökm oxunub. O, 6 il azadlıqdan məhrum edilib.

Almaniyadan deportasiya, Mənbə: dba87/shutterstock

Onun üstündən 6 qram narkotik tapıldığı iddia olunub. Bildirilib ki, o narkotik maddəni satış məqsədilə əldə edib, daşıyıb.
Hökmdən əvvəl Cəfər Mirzəyev son sözünü deyərkən bu ittihamın saxta olduğunu vurğulayıb.
İl ərzində Əlisahib adlı azyaşlı “Tik-tok”da polisi təhqir etdikdən sonra saçı qırxılmış halda sosial şəbəkədə görüntüləri yayılıb.
Sosial şəbəkə istifadəçiləri iddia edib ki, o, polisi təhqir etdikdən sonra bu vəziyyətə polis tərəfindən salınıb.
Daxili İşlər Nazirliyi (DİN) iddiaları qəbul etməyib.
Kəlbəcərdə yol tikintisində çalışan işçilər Meydan TV-yə şirkətin aylardır əmək haqlarını ödəmədiyini bildiriblər.

İranla əlaqədə suçlananlar

İlin əvvəlində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın oldu. Nəticədə bir nəfər öldü,, bir nəfər yaralandı, Azərbaycan Tehrandakı səfirliyini qapatdı.
Bu hadisədən sonra Daxili İşlər Nazirliyi “İran casusu şəbəkəsi” axtarışına çıxdı və 39 nəfəri saxladı.
Nazirliyin yaydığı məlumatda bildirilirdi ki, saxlanılan şəxslər Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməlləri həyata keçirib, İran lehinə təbliğatlar aparıblar.
Saxlanılan şəxslərin yaxınları isə hesab edir ki, onların heç biri casus deyil və sadəcə iki ölkə arasında yaranmış gərginliyin qurbanlarıdır.

Daxili İşlər NazirliyiDaxili İşlər Nazirliyi
Foto: Meydan TV

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri Zamin Salayev haqqında həbs qərarı verilib. Məhkəmənin qərarına əsasən, prokurorun təqdimatı təmin edilib və onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.

Lakin məhkəmədə Zamin Salayev deyib ki, bu ittiham yalandır.

Zamin Salayev. Foto: Meydan TV

İyunun 22-də Sumqayıt Şəhər Məhkəməsi NİDA Gənclər Hərəkatının fəalı Elmir Abbasovu 20 sutka azadlıqdan məhrum edib.
Elmir Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə ittiham olunub.
Özü isə bu ittihamı saxta hesab edib, ictimai fəaliyyətinə görə həbs edildiyini bildirib.

Gədəbəydə etiraz

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlər kəndlərindəki qızıl mədənlərinin kimyəvi maddələri göllərə axıtdığını, nəticədə insanların müxtəlif xəstəliklərə tutulduğuna görə aksiya keçiriblər. Aksiya iştirakçılarına polis güc tətbiq edib, kəndin onlarla sakinini həbs edib.

Aksiyanı işıqlandıran reportyor Elməddin Şamilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinə çağırılıb.

Söyüdlü kəndi, Fotolar: Meydan TV

Sonra reportyor polis tərəfindən saxlanılıb. O,“Facebook” hesabında “işgəncə” deyə son xəbərdarlıq postu paylaşıb.
Bir neçə dəqiqədən sonra həmin post silinib, özü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Səfirlikdəki tədbirdə həbs edilənlər

Üç nəfər ictimai fəal ABŞ səfirliyində bu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə kürsüdə çıxışlar zamanı boğazlarında çəkilmiş qara əl şəkillərini nümayiş etdiriblər. Bununla ölkədə hüququ pozulan insanlara diqqət çəkiblər.
İctimai fəallar Sənubər Heydərova, Gülnara Mehdiyeva, Nərmin Şahmarzadə və onları lentə alan jurnalist Ülvi Həsənli polis tərəfindən saxlanılıb.

İctimai fəalları səfirliyin mühafizəçiləri çıxarıb, onları səfirliyin qarşısında polislərə təhvil veriblər.

ABŞ səfirliyiABŞ səfirliyi
Foto: Meydan TV

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-də və 21-də keçirilən etiraz aksiyalarına görə Rusiya vətəndaşı olan Etibar Cabbarov həbs olunub. O, etiraz aksiyasının təşkilində ittiham olunub.
Özü bu ittihamı qəbul etməyib.

İl ərzində ictimai fəal Əmrah Təhməzov da bir neçə dəfə həbs edilib.
Xırda xuliqanlıq, polisin qanuni tələbinə tabe olmama maddələri ilə ona qarşı sutkalıq həbs cəzaları verilib. O, həbsini siyasi sayır, fəaliyyəti, sosial şəbəkədə yazdığı statuslar səbəbindən olduğunu bildirir.

Foto: Əmrah Təhməzovun şəxsi arxivindən

Fotobloger Vəli Şükürzadə də il ərzində 30 günlük həbsə məhkum edilib. Ona qarşı xuliqanlıq və polisə müqavimət ittihamları verilib. Özü isə bunun yalan olduğunu, sırf peşə fəaliyyətinə görə həbs edildiyini bildirib.

Prezidentə müraciət etdi, həbs olundu

Prezident İlham Əliyevə şikayət xarakterli videomüraciət ünvanlayan dublyaj rejissoru, prodüseri və aktyoru Kamal Yaşar işdən çıxarıldığını bildirib.

“Televiziyada müəllifi və aparıcısı olduğum veriliş dayandırıldı. Bu, məhz bu gündə, milli televiziyanın yarandığı tarixdə baş verdi. Təşəkkür edirəm”, – aktyor “Facebook” səhifəsində yazıb.

Yaşar Kamal. Foto: screenshot

Haqsızlığa etiraz edib, həbs olunanlar

İctimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmamasına etiraz edən gənclər saxlanılıb. Afiəddin Məmmədovla Samir Sultanovun hər biri 30 sutka həbs cəzası allb.
Onlar İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə protokol tərtib olunub.
Polis bölməsində ac saxlanılmaqdan şikayətlənən gənclər, sırf etiraz etdikləri üçün şərlənərək, həbs edildiklərini bildiriblər.

Bölgələrdə etiraza cavab

Lənkəranın Təngivan kəndinin bir neçə sakini saxlanılıb. Səbəb həmin ərazidə fəaliyyət göstərən karxananın ekologiyaya və təsərrüfata vurduğu ziyana görə etiraz etmələridir.

Sakinlər deyirlər ki, 2014-cü ildən ərazidə fəaliyyət göstərən “PROFCO” MMC 40 hektardan çox çay sahilində torpağı 10 metrdən dərinliyində qazıb və daşıyıb. Əhalinin örüş sahələrinin çoxu qazılıb, yollar dağıdılıb. Onlar isə ayda bir neçə dəfə bununla bağlı etiraz aksiyası keçiriblər.
Samux sakini Azər Yusifov özünün də, 11-ci sinif şagirdi olan oğlu Fərid Yusifovun da rayon polis şöbəsində zorakılığa məruz qaldığını deyir. Onun sözlərinə görə, əlindəki ekspertiza rəyi də bunu sübut edir.

Cəzadır, versinlər, gedək çəkək, yoxsa, bu, nə biabırçılıqdır?”

Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kənd sakinlərinin su problemi ilə əlaqədar keçirdiyi etiraz aksiyası zamanı saxlanılan şəxslərdən üç nəfər haqqında həbs qərarı verilib.

Məhkəmənin cəzalandırdığı şəxslər Anar Hüseynov, Şıxəli Məmmədov və Habil Xanlarovdur.

Martın 13-də polislər etiraz aksiyasının qarşısını alarkən yaralananlar olub.

Martın 8-də saat 15-də feministlər və ictimai fəallar paytaxtın Fəvvarələr meydanında “8 Marş – Yaşamaq istəyirik!” şüari ilə yürüş keçiriblər.

Aksiya başlanmazdan öncə ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb.

Foto: DİN

Polislər aksiya iştirakçılarına yürüşün nəzərdə tutulmadığını xatırlatsa da, ciddi maneə törətməyiblər.
İlin mart ayında 3 gün ərzində ölkədə 25-ə yaxın inanclı fəal həbs olunub. Müsəlman Birliyi Hərəkatından bildirilib ki, həbs olunan inanclılar ayrı-ayrılıqda saxlanılsalar da, onların hamısına qarşı narkotik ittihamı irəli sürülüb.
Onlar ittihamı saxta adlandırıb.

Siyasi fəal Qiyas İbrahimov da il ərzində bir dəfə saxlanılıb. Anası deyib ki, səbəb onun Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələr haqda yazdığı status olub.
Sonradan Qiyas İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham elaqn olunub.

Qiyas İbrahimQiyas İbrahim
Foto: Meydan TV

Həmçinin Söyüdlüdə çəkiliş edən “Abzas Media”-nın əməkdaşı Nərgiz Absalamova, “Amerikanın Səsi”-nin jurnalisti Nigar Mübariz və bloger Elsevər Muradzadə polis zorakılığı ilə üzləşib. Səbəb ərazidə çəkiliş aparmaları olub.

İqtisadçı Nazim Bəydəmirli də həbs edilib. Əsl səbəb Gədəbəydəki aksiya barəsində yazmaqdır. Lakin ilkin açıqlamada bildirilib ki, o, vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Guya həmin şəxsi şantaj edib, pul tələb edib. Daha sonra barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 182.2.2ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddə ilə onu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilova qarşı narkotik ittihamı irəli sürülüb.

Nazim Bəydəmirli. Foto: Meydan TV

Onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunub. Özü isə həbsini siyasi hesab edib.

Avqustun 24-də Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalist Cəmil Məmmədli haqda həbs qərarı çıxarıb. Jurnalist məhkəmə zalındaca həbs edilib.
O, Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1, 182.2.2 və 221.2.2 maddələri (hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, dələduzluq) ilə ittiham olunub.
Özü isə ittihamları yalan, həbsini fəaliyyəti ilə əsaslandırıb.

Cəmil Məmmədli. Mənbə: Media Hüququ İnstitutu

Azərbaycan il ərzində Ermənistanla Xankəndini bağlayan Laçın dəhlizini bağlayıb, əraziyə sərhəd buraxılış məntəqəsi qoyub. Bundan sonra Ermənistan tərəf iddia edib ki, Dağlıq Qarabağda humanitar böhran vəziyyəti yaranıb. Həmçinin məlumatlar arasında Ermənistanın Qarabağın erməni icmasına göndərdiyi 400 ton humanitar yardım olan 19 yük maşını Laçın yolundan buraxılmadığı da bildirilib.

Laçın dəhlizi.

Gəncə sakini Rövşən Ağamirov deyir ki, şəhərdə 6 nəfərlik ailəsilə birlikdə yaşadığı evi zorla söküblər. 1996-cı ildə aldığı evin onun mülkiyyətində olduğunu təsdiqləyən bütün sənəd-sübutlar da var. Onun sözlərinə görə, üstündən 11 il keçməsinə baxmayaraq, əmlakının dağıdılmasına görə ona dəymiş ziyan ödənilməyib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası alıb. O, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsilə cəzalandırılıb. Özü isə həbsini fəaliyyəti ilə əlaqələndirib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovdan sonra bu qurumun üzvü Elvin Mustafayev də saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilib.

Afiəddin Məmmədov. Foto: Meydan TV

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Xəzər Rayon Təşkilatının sədri Allahverdi Babayev həbs olunub.

Sentyabrın 16-da Xəzər Rayon Məhkəməsində ona polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib.
Allahverdi Babayev haqqında tərtib olunmuş protokolda iddia olunur ki, Xəzər rayonu, 1-ci polis bölməsinin sahə inspektoru Pərviz Aslanov onu evindəki tikinti işiylə əlaqədar bölməyə çağırıb. Lakin o, tabesizlik göstərib, səs-küy salıb, söyüş söyüb: “Mən Allahdan başqa heç kimdən qorxmuram”, – deyib və s.

Məhkəmə. Foto: Meydan TVMəhkəmə. Foto: Meydan TV
Məhkəmə. Foto: Meydan TV

48 yaşlı Allahverdi Babayev özü isə məhkəmədə bildirib ki, protokolda onun haqqında yazılanlar başdan-ayağa yalandır.

Xəbərdarlıqlar

İl ərzində sosial mediada müharibə əleyhinə təbliğat aparan ictimai fəallar Cavid Əhmədov və Əmrah Təhməzov Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. Onlarla söhbət aparılıb.
Sonradan Bərdə Rayon Məhkəməsinin qərarıyla Əmrah Təhməzova 30 sutka inzibati həbs cəzası kəsilib. Hakim Qamət Əbilovun imzası olan qərara əsasən, Əmrah Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.
İddia olunur ki, bu qərar Baş Prokurorluğun müraciəti əsasında çıxarılıb və ictimai fəalın özü də iştirak edib.

Göyçayda yaşayan və insan hüquqları fəalı kimi tanınan Taleh Xasməmmədov həbs olunub.

O, xuliqanlıqda ittiham olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb və barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

insan hüquqları fəalı kimi tanınan Taleh Xasməmmədov – Mənbə: Facebook

Bu maddədə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

45 yaşlı fəalın iki nəfərin şikayəti əsasında həbs olunduğu bildirilir.

İddia olunur ki, Taleh Xasməmmədov həmin şəxslərə xəsarət yetirib. Lakin anası bu ittihamın əsassız olduğunu deyir.

Anası Gülbuta Xasməmmədova hesab edir ki, oğlu insan haqlarının müdafiəsilə məşğul olduğuna, polislərin ünvanına səsləndirdiyi tənqidi fikirlərinə görə cəzalandırılıb.

İnanclıların həbsi

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü – İsfəndiyar Məmmədov həbs olunub. Son dövrlərdə həbs olunan yüzlərlə dini inanclı fəal kimi, ona qarşı da narkotik ittihamı irəli sürülüb.

Sabunçu Rayon Məhkəməsinin qərarıyla İsfəndiyar Məmmədov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. İddia olunur ki, o, saxlanılarkən cibindən külli miqdarda narkotik tapılıb.

“Müsəlman Birliyi” Hərəkatı“Müsəlman Birliyi” Hərəkatı
Foto: Müsəlman Birliyi Hərəkatı

Lakin yaxınları bu ittihamın yalan olduğunu bildirilir. Onlar hesab edir ki, İsfəndiyar Məmmədov dini inanclı şəxslərə qarşı davam edən repressiyalar çərçivəsində həbs olunub.

Dövlətə xəyanət ittihamıyla həbsdə olan ilahiyyatçı Sərdar Babayevin məhkəməsi yekunlaşıb. Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Sərdar Babayevi Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilib və 17 il azadlıqdan məhrum edilib.

Sərdar Babayev İranın xüsusi xidmət orqanıyla əməkdaşlıqda, onlardan pul alıb göstərişlərini yerinə yetirməkdə ittiham olunur.
Lakin Sərdar Babayev bu ittihamı qəbul etmir. O bildirib ki, dövlətə xəyanət ittihamı əsassızdır. Sifarişlə həbs olunduğunu vurğulayan ilahiyyatçının sözlərinə görə, İranla Azərbaycan arasında siyasi münasibətlərin gərginləşməsi fonunda onu da qurban seçərək cəzalandırırlar.

Meydan TV-nin paylaşımına şərh yazdığı üçün

Bakı şəhər sakini İlkin Cəlilov Meydan TV-nin paylaşımına şərh yazdıqdan sonra Sabunçu rayon 12-ci polis bölməsinə çağırılıb.
Qardaşı ona polis bölməsində təzyiq göstərildiyini deyib.

Sabunçu rayon 12-ci polis bölməsi. Foto: Azərtac

Möhyəddin Orucov sosial şəbəkədəki səhifəsində prezidenti tənqid etdiyinə görə polisə çağırılıb, 30 sutka həbs cəzası alıb.
Yaxınları onun polis bölməsində döyüldüyünü bildirib. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə qərar çıxarılıb.
Ailəsi onun prezidenti tənqid etdiyi üçün həbs edildiyini deyib.

Arif Hacılı və Orxan Hacılı. Foto: “Facebook”

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı oktyabrın 31-də tutulub. O, paytaxtın Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb.
Müsavat başqanı oğlunun tutulmasını qisasçılıq kimi dəyərləndirir.
“Bir dəfə də demişəm, mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladılarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır”, – Arif Hacılının sözləridir.

“AbzasMedia”nın əməkdaşlarının həbsi

“AbzasMedia”nın direktoru Ülvi Həsənli noyabrın 20-dən saxlanıb. Ona qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb. Bir gün sonra “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı da saxlanılıb, ona qarşı da eyni ittiham irəli sürülüb. Həmçinin media qurumun director müavini, ictimai fəal Məhəmməd Kekalova qarşı da eyni ittihamla cinayət işi açılıb. Hər üçün 4 aya yaxın azadlıqdan məhrum edilib.
İşlə bağlı şahid qismində istintaqa çağırılan journalist Nərgiz Absalamova da eyni maddə ilə ittiham edilərək, həbs edilib.
Jurnalistlər ittihamları əsassız sayır, sırf “AbzasMedia”nın korrupsiya araşdırmalarına görə həbs edildiklərini bildirirlər.

Sevinc Vaqifqızı və Ülvi Həsənli. Foto: Meydan TV

Daha sonra “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində CM-in 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti…) maddəsi ilə cinayət işi açılıb. Əziz Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Əziz Orucov, foto: Meydan TvƏziz Orucov, foto: Meydan Tv
Əziz Orucov, Foto: Meydan TV

Özü isə həbsini sırf fəaliyyəti ilə bağlayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin üzvü Elnur Həsənova qarşı narkotik ittihamı irəli sürülüb. AXCP fəalına Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham verilib.
Ailəsi isə həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

İlhamiz Quliyev. Foto: Meydan TV

Hüquq müdafiəçisi İlhamiz Quliyev haqqında dekabrın 6-da həbs qərarı verilib. Yasamal Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İlhamiz Quliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Məhkəmədə İlhamiz Quliyev bu ittihamın saxta olduğunu, şərlənərək həbs edildiyini bildirib. O, işgəncəyə məruz qaldığını da hakimin nəzərinə çatdırıb.

Ölkəyə “həbs” edilənlər

Həmçinin Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-dək uzadılıb.
Dünya Səhiyyə Təşkiları bir il öncə açıqlayıb ki, dünyada pandemiya bitib, lakin Azərbaycan virusu bəhanə edib, sərhədlərini açmır.
Bu da insanların ucuz qiymətə ölkədən kənara çıxmalarını əngəlləyir. Bu qərar ölkənin bütün vətəndaşlarının hüququnu pozur.



Վերջին նորություններ

Bənzər məqalələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button