Beynəlxalq təşkilatların gözündə Azərbaycan

Korrupsiya indeksində ön, mətbuat azadlığı, demokratiya göstəricilərinə görə sonuncu…

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) Azərbaycana xüsusi səfər edib.
Səfərin məqsədi Komitənin 2020-ci ildə etdiyi səfərdən sonra yaydığı hesabatlardakı tövsiyələrin yerinə yetirilib-yetirilməməsini öyrənmək olub.

Araşdırılan məsələlərdən biri də saxlanılan şəxslərə polisin rəftarı ilə bağlı olub. Beləliklə, nümayəndə heyəti Bakının bir sıra polis müəssisələrində olub.

Saytların yığılması
Ə.Salayev işgəncəyə məruz qaldığı zaman
Foto: Meydan TV

Açıqlanan məlumatda Azərbaycanda işgəncə, digər pis rəftar iddialarının araşdırılması prosesində ciddi problemlər olduğu bildirilib. Qeyd edilib ki, bu cür hərəkətlərdə məsuliyyət daşıyan şəxslər cəzasız qalır.

“Bütün siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir”

Yanvarda 11-də Bayden administrasiyası siyasi məhbusların, o cümlədən azərbaycanlı Elçin Məmmədin azadlığa buraxılması üçün təşəbbüs irəli sürdüyünü elan edib.

Bu barədə yayılan bəyanatda deyilir ki, təşəbbüs günahsız yerə həbs olunan siyasi məhbusları azad etmək məqsədi daşıyır.

İnsan hüquqları ilə bağlı durum

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət yaxşılaşmayıb.

Mayda hakimiyyət siyasi motivli və saxta ittihamlarla həbs edilən 20-dən çox şəxsi azad edib, lakin hələ də azı 30 nəfər haqsız olaraq həbsdə saxlanılır.

Hakimiyyət öz tənqidçilərini və müxalifləri hədəf almağa davam edir.

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

“Human Rights Watch” insan haqları təşkilatı yanvarın 12-də açıqladığı illik hesabatında belə deyilir.

Hesabatda qeyd edilir ki, 2022-ci ildə də məhdudlaşdırıcı qanunlar qeyri-hökumət təşkilatlarının (QHT-lər) müstəqil fəaliyyət göstərməsinə mane olmağa davam edib:

Həmçinin hələ də Azərbaycanda insan hüquqları ilə bağlı problemlər var. Bunların içində saxlanma yerlərində sistemli işgəncə və pis rəftar, eləcə də media azadlıqlarının sıxışdırılması da var”.

İraq və Zimbabve ilə eyni sırada

Dünyadakı xeyli ölkə korrupsiyanı dayandıra bilmir.

“Transparency International” – Beynəlxalq Şəffaflıq təşkilatının yanvarın 31-də açıqladığı Korrupsiyanı Qavrama İndeksində (Corruption Perception Index-CPI) belə deyilir.

CPI dünya üzrə 180 ölkə və ərazinin dövlət sektorundakı korrupsiyanın səviyyəsini 0 (yüksək korrupsiya) ilə 100 (çox təmiz) arasında qiymətləndirib və sıralayıb.

100 bal göstəricisi dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə korrupsya səviyyəsinin çox yüksək olduğunu göstərir.

Foto: “Transparency International”

Azərbaycan sıralamada 23 balla 180 ölkə içində 157-ci yerdə qərarlaşıb.
Ötən il 30 balla 128-ci olmuşdu.
Gürcüstan 100 baldan 56, Ermənistan isə 46-nı toplayıb.

Hər iki ölkə Azərbaycana baxanda yaxşı yerdə qərarlaşıb. Gürcüstan 41, Ermənistan 63-cü sıralamadadır.
Azərbaycanla eyni sırada Honduras Respublikası, İraq, Burma, Zimbabve də var.

Ölkə demokratiya indeksində 134-cü yerdədir

Azərbaycan demokratiya indeksində dünyada 134-cü sıradadır. Ölkənin 2.87 balla “avtoritar” idarəçilikdə olduğu açıqlanıb.

“Economist Intelligence Unit” (EİU) dünyada ötən ilin yekunları üzrə demokratiya hesabatını dərc edib.

“Economist Intelligence Unit” (EİU)

Qonşulara gəlincə, Ermənistan 5,63 balla 82-ci, Gürcüstan 5.20 balla 90-cı yerdədir. Hər ikisində rejimin növü “hibrit” sıralamasındadır.

Hesabatda qeyd edilir ki, Şərqi Avropada hələ də “tam demokratiya” olan ölkə yoxdur. Azərbaycan da daxil olduğu bölgənin 28 ölkəsindən 16-sı “qüsurlu” demokratik, 4-ü “hibrid rejimlər” (Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna) və 8-i “avtoritar rejim”dir (Azərbaycan, Belarus, Rusiya və Müstəqil Dövlətlər Birliyinə üzv olan bütün Orta Asiya ölkələri).

Media haqqında qanunla bağlı

2022-ci ilin sonu Azərbaycanda “Media haqqında” yeni qanun qüvvəyə minib.

“Sərhədsiz Reportyorlar” Təşkilatı (RSF) bunu “Azərbaycan üçün kədərli yubiley” adlandırıb.

Sərhədsiz Reportyorlar Təşkilatı, Foto: By Casimiro PT/Shutterstock

Təşkilat özünün “Twitter” (“X”) hesabında qeyd edir ki, media sektoruna nəzarəti gücləndirən və jurnalistlərə qarşı pozuntuları legitimləşdirən yeni qanunun qəbulundan bir il ötür.

RSF Azərbaycan hökumətindən qanuna yenidən baxılmasını tələb edib.

Azərbaycanda media orqanları və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq edilir”

“Dünyada qlobal azadlıqlar artıq 17-ci ildir ki, geriləyir”.

“Freedom House” beynəlxalq insan hüquqları təşkilatının martın 9-da açıqladığı “dünyada azadlıqlar” barədə illik hesabatında belə deyilir.

Media. Foto: Ülviyyə Əli.

Keçmiş sovet ölkələrindən yalnız üç Baltik ölkəsi – Estoniya, Litva və Latviya “azad” sayılıb. Bu ölkələr Avropa İttifaqı və NATO üzvləridir.

Azərbaycan isə 9 balla Çin, Myanma, Yəmənlə eyni sıraları bölüşür.

Gürcüstan 58, Ermənistan 54 balla qismən azad sayılıb.

AŞ NK-da Azərbaycanla bağlı qətnamə

Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) 7-9 mart tarixlərində Strasburqda keçirilən 1459-cu toplantısında Azərbaycanla bağlı 2 qətnamə qəbul edib.

AİHM-in Azərbaycanla bağlı ümumilikdə 35 qərarının icra durumu müzakirə gündəliyinə daxil edilib.

Sənəddə Azərbaycan hökuməti inzibati həbslərin, saxlanılmaların qanuniliyi və inzibati icraatın ədalətliliyi ilə bağlı milli qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər görməyə çağırılır.

AŞNK-nın toplantısında müzakirə olunan “Anar Məmmədli qrupu”nda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın icrasına nəzarət edilir.

Bu qrupda daha öncə İlqar Məmmədov, Rəsul Cəfərov, Natiq Cəfərli, Əzizov və Novruzlu işləri üzrə AİHM-in qərarlarının icrasına da nəzarət edilirdi.

Avropa Şurası Nazirlər Komitəsi. Mənbə: “Turan”

AŞ NK həmin qərarların icrasına nəzarəti artıq qapadıb.

Hazırda Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2), Arif və Leyla Yunusların şikayətləri üzrə çıxarılan qərarlar nəzarət altındadır.

Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Bu qərarların icra durumu problemlidir, qərarların ortaya çıxardığı problemlərin aradan qaldırlması üçün tələb olunan fərdi və ümumi tədbirlər həyata keçirilməmiş qalır.

Komitə bu qrup işi üzrə qətnaməsində qeyd edir ki, adları yuxarıda qeyd edilən ərizəçilərin məhkumluqlarının ləğv edilməsi, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırlması üçün hökumət bütün addımları atmalıdır.

Komitə qalan ərizəçilərin məhkumluqlarının Ali Məhkəmə tərəfindən ləğv edilməsinin, qisasçı və sui-istifadə xarakterli həbslərə və təqiblərə qarşı sağlam milli məhkəmə təcrübəsini formalaşdıracaq əsas ümumi tədbir olaraq qaldığını bir daha vurğulayır.

“Sərbəst toplaşmaq, ifadə azadlıqları məhdudlaşdırılıb, dinc aksiyaya çıxanlar döyülüb…”

Ötən il Azərbaycanda yenə ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları sərt məhdudlaşdırılıb.

Hakimiyyət vətəndaş cəmiyyəti fəallarının qanunsuz həbslərini, siyasi motivli mühakimələrini həyata keçirib, dinc etirazları dağıdıb və müstəqil təşkilatların və media qurumlarının işinə əngəllər yaradıb.

15 dekabr aksiyası, Foto: Meydan TV

Qadınların ayrıseçkiliklə üzləşməsi davam edib. Dağlıq Qarabağ münaqişəsində törədilən müharibə cinayətlərinin istintaqında ciddi irəliləyiş olmayıb.

“Amnesty International” insan hüquqları təşkilatının yaydığı illik hesabatda belə deyilir.

“Amnesty International”.
Foto: Derick P. Hudson/shutterstock

Bildirilir ki, Azərbaycanda beynəlxalq humanitar hüquq pozuntuları olsa da, ölkənin enerji təchizatında və tranzitində rolu artıb.

Hesabatda qeyd edilir ki, yeni qanun bütün jurnalistlərdən rəsmi qeydiyyatdan keçmələrini və məlumatları “obyektiv” olaraq çatdırmağı tələb etməklə, lakin qanunun bu tələbini aydın izah etməməklə, Azərbaycan mediası üzərində dövlətin nəzarətini artırıb.

“Sərhədsiz Reportyorlar Təşkilatı” (RSF) 21-ci Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb

Təşkilat qeyd edir ki, yeni hesabat dünyada siyasi, sosial və texnoloji sarsıntılarla əlaqəli əsas dəyişikliklərə işıq salır.

Hesabatda 180 ölkədəki mətbuatla bağlı vəziyyət qiymətləndirilib.

Azərbaycan sıralamada 180 ölkə arasında 151-ci yerdədir.

Bu göstərici ilə ölkə Pakistan və Əfqanıstan arasında qərarlaşıb.

Azərbaycanın qonşularına gəlincə, Ermənistan indeksdə 49, Gürcüstan 77, Rusiya 164-cü yerdədir.

Ermənistan və Gürcüstan hibrid, Azərbaycan avtoritar rejimlər siyahısındadır

Ardıcıl on doqquz ildir ki, Mərkəzi Avropadan Orta Asiyayadək uzanan regionda demokratik idarəetmə tənəzzülə uğrayıb.

Rusiyanın Ukraynanı genişmiqyaslı işğalı dönəmində vəziyyət pisə doğru getməkdə davam edib.

“Freedom House” insan hüquqları təşkilatının mayın 24-də açıqladığı “Keçid ölkələri – 2023″ hesabatında belə deyilir.

Hesabatda yer alan 29 ölkədən 11-də demokratiya balı azalıb, cəmi 7 ölkədə irəliləyiş qeydə alınıb.

Freedom HouseFreedom House
Foto: Meydan TV

“Freedom House” bildirir ki, Türkmənistan və Azərbaycan vətəndaşları hakim elitanın qohumbazlığına dözməkdə davam edib:

Gürcüstanda, Serbiyada və Macarıstanda hakim partiyalar öz seçicilərini manipulyasiya edib”.

Azərbaycan hesabatda sondan 3-cü yerdə qərarlaşıb.

Ölkə bu mövqeyi ilə yalnız Türkmənistan və Tacikistandan önə keçə bilib.

Bu üç ölkənin də daxil olduğu, ümumilikdə səkkiz ölkə “möhkəmlənmiş avtoritar rejimlər” siyahısındadır.

Təşkilat əvvəlki illərdə də Azərbaycanı “möhkəmlənmiş avtokratik rejim” siyahısına daxil etmişdi:

Demək olar ki, Türkmənistan və Azərbaycanın dövlət qurumları demokratik keyfiyyətlərdən məhrum qalıb. Hər iki ölkədə vətəndaşların hakim elitanın qohumbazlığından əziyyət çəkir”.
Qonşu Ermənistan və Gürcüstan, həmçinin Ukrayna, Moldova birlikdə “hibrid rejimlər” siyahısındadır.

Hesabatın Azərbaycanla bağlı hissəsində Qarabağ münaqişəsinə də toxunulub.

Bildirilib ki, Azərbaycan Prezidenti “ərazi ambisiyalarını hərbi yolla davam etdirir, bununla yanaşı ölkə daxilində müxalifəti sıxışdırır, Qarabağda yaşayan əhalinin azadlıqlarını təhdid edir”.

“Rusiyanın Ukraynaya təcavüzü, Azərbaycanın Ermənistana hücumu və Orta Asiyada etirazların zorakılıqla yatırılması pis avtoritar idarəçiliyin ölümcül nəticələrini ortaya qoyub”, – hesabatda belə deyilir.

Məhbuslara ayrılan vəsait

Ən son hesablamalara görə, hazırda Avropa Şurasına üzv ölkələrin həbsxanalarında 981 min 575 məhbus cəza çəkir.

Azərbaycan AŞ-da məhbus sayına görə üçüncü yerdədir.

Avropa Şurasının “Prison Populations 2022” hesabatında belə deyilir. Həmin hesabat Lozanna Universiteti tərəfindən hazırlanıb.

Avropa Şurası Parlament Assambleyası. Foto: Leonid Andronov/shutterstock

Avropa Şurası ölkələri arasında məhbus sayına görə lider ölkə isə Türkiyədir.

2022-ci ilin sonuna olan göstəricilərə görə, burada 303 min 945 məhbus cəza çəkir.

Ölkə əhalisinin sayı ilə müqayisə edilsə, Türkiyədə hər 100 min əhaliyə 355 nəfər məhbus düşür.

Türkiyədən sonra məhbus sayı çox olan növbəti ölkə Gürcüstandır. Burada hər 100 min nəfərə 237 məhbus düşür.

Həbsxana. Foto: arxiv

Məhbus sayına görə üçüncü yerdə olan ölkə Azərbaycandır. Hər 100 min nəfərə 217 məhbus (ümumi məhbus sayı, təxminən 22 334) düşür.

Öncəki illərdə – 2020-ci ildə Azərbaycanda hər 100 min əhaliyə 208, 2021-ci ildə 215 məhbus olub.

Azərbaycanda məhbusların illik xərci 2021-ci ildə 64,8 milyon avro təşkil edib. Hər məhbusun günlük xərci 7,97 avro olub.

Bu göstərici Ukrayna istisna olmaqla AŞ məkanında ən aşağı göstəricidir. Azərbaycandan sonra hər məhbusa günlük ən az vəsaiti Türkiyə xərcləyib – 9,81 avro. Daha sonra Gürcüstan (10,55), Moldova (12,7) və Bolqarıstan (13) gəlir.

Qiymətləndirməyə yalnız paytaxt məktəblərindən qatılıblar

PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) 2022-ci ildəki qiymətləndirməsinin nəticələrini açıqlayıb.

Həmin qiymətləndirmə ölkələrin təhsil sistemini müqayisə etmək üçün istifadə edilən nüfuzlu mexanizmlərdən biridir.

Nəticələrdə Azərbaycanla bağlı hissə də yer alıb. Məlum olub ki, Azərbaycandan qiymətləndirməyə qatılan şagirdlər bütün ölkədən yox, sadəcə paytaxtdan seçilib.

PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı

Beləliklə, Azərbaycan məktəbliləri 2022-ci ildə 81 ölkə arasında oxu bacarıqları üzrə – 69-cu yer, təbiət elmləri üzrə – 68-ci yer, riyaziyyat üzrə – 56-cı yeri tutublar.

Azərbaycan məktəbliləri PISA qiymətləndirməsində, ən yaxşı nəticəni riyaziyyat üzrə göstəriblər.

Qiymətləndirmə 15 yaşlı şagirdlər arasında keçirilir. Onların oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirilir. Əsas məqsəd şagirdlərin aldığı bilik və yiyələndikləri bacarıqları real həyatda istifadə etmək qabiliyyətlərini müəyyənləşdirməkdir.

Azərbaycanın dəyişməyən cavabı

Azərbaycan rəsmiləri, hakimiyyət orqanları beynəlxalq təşkilatların ölkə ilə bağlı media azadlığı, korrupsiya, azad iqtisadiyyat və s. kimi hesabatları ilə razı deyil. Bu kimi hesabatları təxribat adlandırır, həqiqətəuyğun olmadığını söyləyirlər.

İlham Əliyevİlham Əliyev
Foto: Meydan TV

Hökumət təmsilçiləri, eləcə də Prezident İlham Əliyev Qərb təşkilatlarının yaydığı hesabatlarda Azərbaycanla bağlı yazılanlarla razı olmur, ölkədə söz azadlığı, demokratik mühit olduğunu bildirirlər.

Eyni zamanda, deyirlər ki, ölkədə kimsə fikirlərinə görə həbs edilmir, kimsə bu səbəbdən incidilmir.

Prezident İlham Əliyev həmçinin illər öncə “Freedom House” Təşkilatının Azərbaycanla bağlı hesabatından sonra onları ermənipərəst mövqedə ittiham edib, bu qurumun hesabatlarının Azərbaycan üçün “heç bir əsası olmadığını” demişdi.



Վերջին նորություններ

Bənzər məqalələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button